Azərbaycanda üzüm sortlarının məhsuldarlığının artırılmasına başlanılıb

Azərbaycanda üzüm sortlarının məhsuldarlığının artırılmasına başlanılıb

Azərbaycanda üzüm sortlarının məhsuldarlığını artırmaq, xəstəlik və zərərvericilərdən qorumaq üçün tədbirlərin icrasına başlanılıb.

"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu məqsədlə müxtəlif bölgələrdə hava şəraitindən asılı olaraq üzümçülük təsərrüfatlarında yaşıl əməliyyatla bağlı tədbirlər həyata keçirilir.

Nazirliyin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞETİ) əməkdaşları Qaxdakı təsərrüfatda "Yaşıl əməliyyat məhsuldarlığın və məhsulun keyfiyyətinin formalaşmasında mühüm rol oynayır" adlı tarla seminarı keçirib. Seminar zamanı ÜŞETİ-nin direktoru Vüqar Səlimov üzümçülükdə yaşıl əməliyyatların bir neçə mərhələdə aparıldığını vurğulayıb.

Onun sözlərinə görə, "yaşıl əməliyyatlar" bölgənin və sortun xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir. Hazırda respublikanın əksər üzümlüklərində (düzən ərazilərdə) çiçəkləmə başa çatmış, gilələrin formalaşması mərhələsi başlayıb.

Daha sonra qeyd edilib ki, bu tədbirlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsi bol və yüksək keyfiyyətli məhsulun alınmasını təmin edir. Bu əməliyyat tənəyin fəal vegetasiya dövründə aparıldığından bir çox fizioloji proseslərə böyük təsir göstərir. Tənəyin yaşıl hissələri ilə aparılan əməliyyatlara yaşıl zoğların qoparıl­ması, yaşıl zoğların bağlanması, zoğların ucundan qoparılması, bicvurma, zoğların ucunun vurulması, çiçək salxımının qoparılması, çiçək qruplarının süni və əlavə tozlandırılması və s. aiddir. Təlimçi təsərrüfat sahəsində bu əməliyyat vasitəsilə tənəyin düzgün formalaşdırılması, həmçinin havalanmanın yaxşı getməsi və yarpaqların yaxşı işıqlandırılması üçün zoğların eyni səviyyədə yerləşməsinin necə təmin olunması prosesini əyani şəkildə göstərib.