FAO: Mayda dünyada ərzaq ucuzlaşıb

FAO: Mayda dünyada ərzaq ucuzlaşıb

Bu ilin may ayında dünyada ərzaq məhsullarının qiymətləri azalıb.

"Report" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

Ötən ay FAO Ərzaq Qiymətləri İndeksi orta hesabla 127,7 bənd olub. Bu, aprellə müqayisədə 0,8 faiz bəndi azdır, lakin bir il əvvələ nisbətən 6 faiz bəndi çoxdur.

Ərzağın ucuzlaşmasına səbəb kimi əmtəə birjalarında qarğıdalı və palma yağının qiymətlərinin kəskin azalması göstərilir.

Belə ki, ay ərzində FAO Bitki Yağı Qiymətləri İndeksi 3,7 faiz bəndi azalıb. Bu da Cənub-Şərqi Asiyada mövsümi istehsalın həcminin kəskin artması, Cənubi Amerikada tələbatın zəifləməsi, Avropa İttifaqında isə qiymətlərin aşağı düşməsi ilə bağlıdır.

Bundan başqa, mayda FAO Taxıl Qiymətləri İndeksi ABŞ-da rekord həcmdə məhsul gözləntiləri fonunda 1,8 faiz bəndi azalıb, FAO Düyü Qiymətləri İndeksi isə güclü tələbat fonunda 1,4 faiz bəndi artıb.

Ötən ay FAO Şəkər Qiymətlər İndeksi 2,6 faiz bəndi azalıb. Səbəb kimi dünya iqtisadiyyatında qeyri-müəyyənlik, içki və qida sənayesində tələbatın zəifləməsi və gələn mövsümdə qlobal istehsalın bərpa olunacağı gözləntiləri göstərilir.

FAO Ət Qiymətləri İndeksi 1,3 faiz bəndi artıb. Bu artım qoyun, donuz və mal ətinin qiymətlərinin yüksəlməsi ilə əlaqəlidir. Əvəzində, toyuq əti qiymətləri azalıb. Bu isə Braziliyada may ayının ortalarında yüksək patogenli quş qripinin aşkarlanması nəticəsində bir çox əsas idxalçı ölkələrin embarqo tətbiq etməsi və daxili təchizatın artması ilə bağlıdır.

FAO Süd Məhsulları Qiymətləri İndeksi isə 0,8 faiz bəndi artıb. Asiyadan olan güclü tələbat beynəlxalq kərə yağı qiymətlərini tarixi yüksək səviyyədə saxlayıb və bu da pendir və tam süd tozu qiymətlərində artıma səbəb olub.