Bir neçə ildir ki, Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC ölkədə aqroturizin inkişafı ilə bağlı "Şəhərdən Kəndə" adlı layihə həyata keçirir.
Layihə çərçivəsində ölkənin müxtəlif regionlarında aqroturizm təsərrüfatlarına dəstək göstərilib, bununla da kənd təsərrüfatı və turizm sektorlarının inteqrasiyası təmin edilib, kənd yerlərində məşğulluq səviyyəsi yüksəldilib, yerli aqrar məhsullar tanıdılıb.
Bu təşəbbüs aqroturizmin imkanlarının üzə çıxarılması, yerli fermer təsərrüfatlarının turizm zəncirinə inteqrasiyası, onların iqtisadi dayanıqlığının gücləndirilməsi baxımından əhəmiyyətli rol oynayır. Eyni zamanda, layihə çərçivəsində təşkil olunan tədbirlər həm də şəhər sakinlərinin kənd həyat tərzi, kənd təsərrüfatı istehsalı və ənənəvi mədəniyyətlə tanış olmasına imkan yaradır.
Azərbaycanda milli mətbuatın yaranmasının 150 illik yubileyi münasibətilə bu günlərdə bir sıra aqroturizm təsərrüfatlarına mediatur təşkil olunub. Tur iştirakçıları əvvəlcə Qəbələdə fəaliyyət göstərən fermer Səbuhi Nəbiyevin təsərrüfatında olublar. O, uzun illərdir ki, arıçılıqla məşğul olur və istehsal prosesinə bütün ailə üzvlərini cəlb edib.
Fermerin sözlərinə görə, arıçılığa böyük maraq və xüsusi sevgi ilə yanaşır, bu sahəyə marağı gənc yaşlarından yaranıb və zamanla bu məşğuliyyəti peşəkar fəaliyyətə çevirib: "Arılar həm təbiətin balansını qoruyan canlılardır, həm də insan sağlamlığı üçün faydalı məhsullar istehsal edirlər. Mən bu işi yalnız qazanc məqsədilə yox, eyni zamanda təbiətə faydalı olmaq və sağlam məhsullar təqdim etmək üçün görürəm. Təsərrüfatımda onlarla arı ailəsi mövcuddur və burada baldan əlavə, digər arı məhsulları propolis, mum, çiçək tozu və arı südü də istehsal olunur. Təsərrüfatda həm ənənəvi, həm də müasir texnologiyalardan istifadə olunur. Balın süzülməsi və qablaşdırılması gigiyenik standartlara uyğun şəkildə həyata keçirilir".
S.Nəbiyev vurğulayıb ki, son illərdə arıçılıq məhsullarına marağın artması bu sahədə innovativ yanaşmaların tətbiqini zəruri edir: "Bu səbəbdən təsərrüfatda müasir avadanlıqlar, eləcə də arıların sağlamlığını qorumaq və məhsuldarlığını artırmaq üçün müxtəlif təbii üsullar tətbiq edilir. Təsərrüfatım təkcə bal istehsalçısı deyil, həm də ekoloji təmiz və dayanıqlı kənd təsərrüfatının təşviqi baxımından nümunəvi bir yerdir".
Media nümayəndələri Şəki rayonunun Öryət kəndində yerləşən aqroturizm təsərrüfatına da gəliblər. Məlumat verilib ki, təsərrüfat 8 hektar ərazini əhatə edir. Bu ərazi əvvəllər bataqlıq yer olub. Təsərrüfat sahibi Ehtibar Nuriyev buranı illərlə becərərək bu gün Cənubi Qafqazda hələlik bənzəri olmayan məkana çevirməyi bacarıb. Son 7 ildə fasiləsiz çalışan məkanda dünyanın bütün qitələrindən meyvə və giləmeyvələr yetişdirilir. Buranın flora və faunası ilə yanaşı, heyvanat və quş aləmi də rəngarəngdir. Son illər müxtəlif ölkələrdən 120 mindən çox insan buranı ziyarət edib. "Bura artıq Şəkidə gəziləcək növbəti ünvana çevirilib. Qonaqlar arasında xaricilər də üstünlük təşkil edir. Bu isə bizi sevindirir, çünki zəhmətimizə qiymət verilir", - deyə fermer həvəslə danışır.
Jurnalistlər Zaqatala rayonunun Yuxarı Tala kəndindəki təsərrüfata da yollanıblar. Mövləddin Qurbanəliyevin rəhbərlik etdiyi təsərrüfatı nəsildən-nəslə ötürülən, tarixi ənənələri olan bir məkan kimi tanınır. Arıçılıqla məşğul olan Qurbanəliyevlərin əksər ailə üzvü bu gün bu şərəfli peşəni davam etdirməklə yanaşı aqroturizm sektorunda da yeniliklərə imza atmaqdadır. "Şəhərdən-kəndə" layihəsi çərçivəsində bir çox təlimlərə və seminarlara qatılan təsərrüfat rəhbəri bir sıra mal və avadanlıqlarla təmin olunub. Media nümayəndələri Zaqataladan olan fermer Elman Yüzbaşovun təsərrüfatında da olub.