Azərbaycan son illərdə Kodeks Alimentarius Komissiyasının işlərində fəal iştirak edir və bu, təqdirəlayiqdir.
"Report" xəbər verir ki, bunu komissiyasının sədr müavini Betül Vazgeçər Bakıda "Ümumdünya Qida Təhlükəsizliyi Günü: Elm fəaliyyətdədir" mövzusunda keçirilən konfransa ünvanladığı video müraciətində bildirib.
Onun sözlərinə görə, Komissiyanı Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatı 1963-cü ildə qida məhsulları standartlarının işlənib hazırlanması məqsədilə yaradıb: "189 üzvü olan (188 ölkə və Avropa İttifaqı) Komissiyanın iclaslarında 225 Kodeks iştirakçısı (56 beynəlxalq və dövlət təşkilatı, 153 QHT və BMT-nin 16 təşkilatı) olur. Komissiyanın əsas məqsədi istehlakçıların sağlamlığının mühafizəsi və qida məhsullarının ticarətində vicdanlı münasibətin təmin olunması, beynəlxalq, hökumət və qeyri-hökumət təşkilatları tərəfindən qida məhsullarına dair standartların üzərində aparılan işin əlaqələndirilməsinə kömək göstərilməsi və standartların hazırlanması üzrə işin təşəbbüsü və prioritetlərinin müəyyənləşdirilməsidir".
Azərbaycan 2011-ci ildən Kodeks Alimentarius Komissiyasının üzvüdür. Ölkə Prezidentinin müvafiq fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi Komissiyada milli əlaqələndirici qurumu təyin edilib.