Muğan rayonlarında pambıq bitkisinin inkişafında problem - Bu il məhsuldarlıq azalacaq?

Muğan rayonlarında pambıq bitkisinin inkişafında problem - Bu il məhsuldarlıq azalacaq?

Bu il ölkənin Muğan zonasında pambıq bitkisinin inkişafında problemlər müşahidə olunur.

Bu barədə "Report"un yerli bürosuna Biləsuvar və İmişli rayonundan olan fermerlər məlumat veriblər.

Onların sözlərinə görə, ötən il pambıq bitkisinin çıxışı vaxtında baş versə də, bu il vəziyyət gözlədiklərindən fərqli olub. Belə ki, çiyid əkini vaxtı və indiki havalar əlverişsiz keçdiyi üçün bitkidə inkişaf prosesi normal getməyib və çıxış alınmayıb.

Bəzi fermerlər həmçinin əlavə ediblər ki, bu səbəbdən çiyid əkinini bir neçə dəfə təkrarlamaq məcburiyyətində qalıblar. Bu isə məhsulun yığım vaxtını gecikdirməklə yanaşı, məhsuldarlığa da mənfi təsir göstərəcək.

Bioloq Vidadi Məmmədov mövzu ilə bağlı "Report"un yerli bürosuna deyib ki, Muğanda pambıq bitkisinin inkişafında problem yaranmasının bir neçə səbəbi ola bilər:

"Pambıqçılıq kənd təsərrüfatının mühüm sahələrindən biridir və məhsuldarlığın yüksək olması üçün əkinin ilkin mərhələsində, yəni pambığın çıxışı dövründə optimal şəraitin yaradılması vacibdir. Lakin bir sıra hallarda pambığın çıxışında müxtəlif problemlər müşahidə edilir və bu, son nəticədə məhsuldarlığın azalmasına səbəb olur.

Məsələn, toxumların keyfiyyətli olmaması, suvarmanın düzgün və vaxtında aparılmaması, torpaqda mineral çatışmazlığı, həmçinin hava şəraitinin əlverişsizliyi bəhs edilən problemin əsas səbəbləridir. Çünki havanın qəfil soyuması və ya yağıntıların normadan artıq olması bu mərhələdə bitkinin inkişafına mənfi təsir göstərir".

Mütəxəssis onu da bildirib ki, aqrotexniki tədbirlərin düzgün aparılması, torpağın vaxtında şumlanması, kultivasiyası və səpinqabağı suvarılması pambığın sağlam çıxışını təmin edə bilər. Eyni zamanda, səpin vaxtı hava şəraitinə uyğun seçilməsi də zəruridir.

Qeyd edək ki, rəsmi statistikaya görə, cari ildə Biləsuvar rayonunda 7 min 500 hektar, İmişli rayonunda isə 7 min 898,8 hektar sahədə çiyid səpini aparılıb.