Azərbaycanda arpa sahələrinin 28,7 %-də biçin prosesi yekunlaşıb.
"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu il ölkə üzrə 932 319 hektar sahədə payızlıq taxıl əkini aparılıb: "Əkin sahələrinin 505 696 hektarını buğda, 426 623 hektarını arpa sahələri təşkil edir. Hazırda biçin proses 40 rayonda arpa sahələrində aparılır".
Qeyd edilir ki, bugünədək ölkə üzrə 4 141 hektar buğda, 122 265 hektar arpa sahəsi biçilib. Sahələrdən 13 032 ton buğda, 381 604 ton arpa yığılıb. Ölkə üzrə buğda sahələrinin 0,8 %-də biçin prosesi yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 31,5 sent/ha, arpa üzrə isə 31,2 sent/ha təşkil edir. Operativ məlumata görə, buğda üzrə ən yüksək məhsuldarlıq Salyan (50 sent/ha) və Bərdə (41,3 sent/ha) rayonlarında, arpa üzrə ən yüksək məhsuldarlıq isə Hacıqabul (48 sent/ha) və Oğuz (40 sent/ha) rayonlarında qeydə alınıb.
"Aran rayonlarında arpa biçininin optimal müddətdə başa çatacağı gözlənilir. Bu bölgələrdə iyunun son ongünlüyündə buğda biçininə start veriləcək.
Hazırda taxıl biçinində 1 356 taxılyığan kombayn iştirak edir. Bunlardan 573 ədədi "Aqroservis" ASC-nin, 783 ədədi isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır", - məlumatda qeyd edilib.