Balakən rayonunda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun (BMTBETİ) təşkilatçılığı ilə “Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirlərinin təşkili” mövzusunda elmi-praktik seminar keçirilib.
Seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi, Zoologiya İnstitutunun əməkdaşları, dövlət aqrar inkişaf mərkəzlərinin rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
BMTBETİ-nin direktoru İbrahim Cəfərov qeyd edib ki, qəhvəyi mərmər bağacığı bu gün dünyanın müxtəlif ölkələrində 100-dən artıq bitkini yoluxduran və kifayət qədər yüksək zərər verən zərərvericilərdən biridir. Zərərverici dünyanın müxtəlif ölkələrində qeydə alınıb. Ölkə ərazisində isə ilk dəfə Zaqatala rayonun Muğanlı kəndində aşkar olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” 2022-ci il 30 dekabr tarixli 819s nömrəli Sərəncamı ilə ölkəmizdə bu zərərvericinin yayılma arealı, inkişaf dinamikası, yoluxduğu bitkilərin çeşidi və onlara vurulan zərərlə bağlı tədqiqat işlərinə başlanılıb. Qeyd olunub ki, bu istiqamətdə BMTBETİ-nin üzərinə böyük öhdəliklər düşür.
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəis müavini Yaqub Səfərli “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamından irəli gələn məsələlər, zərərvericinin təhlükəliliyi nəzərə alınaraq ölkəmizdə mühafizə üçün görülən qabaqlayıcı tədbirlər barədə danışıb.
ETSN-nin nümayəndəsi Vahid Fərzəliyev təmsil etdiyi Nazirliyin müvafiq qurumları tərəfindən 2023-cü ildə qəhvəyi mərmər bağacığına qarşı aparılmış bitki mühafizəsi tədbirləri barədə məlumat verib.
Seminarda “Qəhvəyi mərmər bağacığının Azərbaycan ərazisi üçün risk ehtimalı”, “Qəhvəyi mərmər bağacığının bioekologiyasına dair”, “Gəncə-Daşkəsən bölgəsində qəhvəyi mərmər bağacığının inkişafı və təbii entomofaqlarının öyrənilməsi”, “Qəhvəyi mərmər bağacığının yayılması zərəri və fəaliyyəti”, “Qəhvəyi mərmər bağacığının inkişafının laboratoriya şəraitində öyrənilməsi”, “Qəhvəyi mərmər bağacığı ilə mübarizənin elmi əsasları” mövzularında təqdimatlar olub, qəhvəyi mərmər bağacığının bioloji xüsusiyyətləri, zərərləri, təbii düşmənlərinin müəyyən edilməsi, bioloji mübarizədə onların tətbiqi imkanları barədə məlumat verilib.
Sonda 2023-cü il üzrə mütəxəssislərin mövzu üzrə apardıqları tədqiqatlara dair məlumatları dinlənilib, səsləndirilən təkliflər müzakirə olunub.