Balakən və Qaxda sahələrə dəymiş zərərə görə sığorta ödənişləri edilib

Balakən və Qaxda sahələrə dəymiş zərərə görə sığorta ödənişləri edilib

Aqrar Sığorta Fondu Balakən və Qax rayonlarında fəaliyyət göstərən fermerlərə sığorta ödənişləri edib.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Bununla əlaqədar Balakən rayonunun Hənifə kəndində və Qax rayonunun Qaşqaçay kəndində fermerlərlə görüşlər keçirilib. Görüşlərdə Balakən rayonundan fermer Əkrəm Eminova qarğıdalı sahəsində dolu nəticəsində dəyən zərər üzrə 6 340 manat, fermer Musa Şeyixova qarğıdalı sahəsində fırtına səbəbindən dəmiş zərərə görə 10 352 manat, Qax rayonundan olan fermerlər Novruz Mənəfov və Ruslan Nəcəfova isə müvafiq olaraq 7 589 manat və 13 181 manat sığorta ödənişi verilib.

Şəki-Zaqatala bölgəsində 1000 manatlıq məhsul gözlənilən buğda sahəsinin sığortalanması 19 manata, 300 manatlıq xırdabuynuzlu heyvanın (qoyun və ya keçi) sığortalanması isə illik 7 manata başa gəlir.

Aqrar sığorta vasitəsilə əkin sahələri, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür.

Şəki-Zaqatala regionuna daxil olan Balakən və Qax rayonları təbiət hadisələrinin tez-tez baş verdiyi, qeyri-sabit hava şəraiti olan ərazilər sayılır. Burada baş verən təbiət hadisələri, xüsusilə dolu və sel-subasma halları əkin sahələrinə böyük zərər vurur.

Təsadüfi deyil ki, Aqrar Sığorta Fondunun bu bölgədə həyata keçirdiyi sığorta ödənişlərinin əksəriyyəti də dolu, fırtına və subasma hadisələri üzrədir.