“Brendi regional liderə çevirməyə çalışırıq”

“Brendi regional liderə çevirməyə çalışırıq”


10 il əvvəl "Agro Dairy" şirkəti ilk dəfə olaraq suvarma, əkin, tədarük və məhsul emalı üzrə layihələr hazırlamağa başlayıb. 2023-cü ildə "AgroTrade Supply" (kənd təsərrüfatı məhsullarının istehsalı və emalı) və "Milla Group" (süd və süd məhsullarının istehsalı) da bizə qoşulub. Hazırda holdinqin tərkibinə 16 müəssisə daxildir.
"Agro Dairy" şirkətinin fəaliyyətini dörd klasterə bölmək olar: bitkiçilik, zavodlarda məhsul emalı, Yalama, Xaçmaz, Qəbələdə heyvandarlıq kompleksləri (yeddi min başdan çox mal-qara), süd və süd məhsulları istehsalı.
Biz 2018-ci ildən "Caspian Agro" Beynəlxalq Sərgisində iştirak edirik. Bu gün biz iştirakçılara və ziyarətçilərə müasir texnologiyalardan istifadə etməklə dörd səyyar toxum emalı zavodunu təqdim etmək istəyirik. Dünyada onların analoqu yoxdur. Bundan əlavə, südün qablaşdırılması üçün yeni qablardan istifadə edirik. Digər bir yenilik isə heyvandarlıqda süd sağımı üzrə müasir texnologiyaların tətbiqidir.
Sərgidə iştirak etməkdə məqsədimiz müştərilərin ehtiyaclarını müəyyən etmək, istehsalçılarla əlaqələr qurmaq, yeni məhsullarımızı təqdim etmək və aldığımız rəylər əsasında işimizi təkmilləşdirməkdir. Biz həmçinin brendimizlə ölkə hüdudlarını aşmağa və onu regional liderə çevirməyə çalışırıq.
"Caspian Agro" Sərgisində qazandığımız xarici tərəfdaşlarla qurduğumuz əlaqələr sayəsində şirkətimiz məhsulların xarici bazara tədarük zəncirinin ayrılmaz halqasına çevrilib. Məsələn, ötən il gübrə və toxum istehsalçıları ilə çoxlu görüşlərimiz olub, Azərbaycan şirkətləri ilə tərəfdaşlıq sazişləri əldə olunub, "Azərkosmos" kimi dövlət müəssisələri ilə memorandum imzalanıb. 2024-cü ildə həm də Azərbaycan Aqrar İnnovasiyalar Mərkəzi ilə tərəfdaşlıq əlaqələri qurmuşuq.

Əsəd Qurbanzadə, "Agro Dairy" şirkətinin baş kommersiya direktoru

İstinad : Caspian Agro I Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi