Moldova Azərbaycanla aqrar-sənaye sektorunda, xüsusilə kənd təsərrüfatı məhsullarının emalı, saxlanması və ixracı sahəsində əməkdaşlıqda böyük potensial görür.
Bunu "Report"a müsahibəsində Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolya deyib.
"Bu gün keçiriləcək biznes forum məhz bu istiqamətə həsr olunacaq. Biz azərbaycanlı iş adamlarını Moldovanın xüsusilə kənd təsərrüfatı məhsullarının emalı sahəsində investisiya imkanları ilə tanış olmaq üçün ölkəmizə səfər etməyə dəvət edirik. Ölkəmizdə kənd təsərrüfatı xammalının davamlı istehsalı mövcuddur və onun əsasında yüksək keyfiyyətli məhsulların istehsalı mümkündür. Eyni zamanda, Moldova artıq emal və fitosanitar nəzarət sahəsində qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırıb", - nazir bildirib.
Onun sözlərinə görə, bu, Moldovanın Avropa İttifaqı bazarına sərbəst və kvotasız çıxışına imkan verir. "Moldovada yerli xammaldan istehsal olunan istənilən məhsul Avropa İttifaqına heç bir məhdudiyyət olmadan tədarük edilə bilər. Bu üstünlükləri nəzərə alaraq, biz Moldovanın aqrar-sənaye sektoruna investisiyaları Azərbaycan şirkətləri üçün son dərəcə perspektivli hesab edirik", - baş nazirin müavini qeyd edib.
V.Bolya əlavə edib ki, bu gün əsas çağırış ölkələrimiz arasında böyük məsafə və nəticədə logistikanın yüksək dəyəridir.
"Buna baxmayaraq, biz Azərbaycanın ticarət şəbəkələrinə Moldovada istehsal olunan bir sıra keyfiyyətli məhsullar təklif etməyə hazırıq. Bu, ilk növbədə, şərab və "divin" adlanan məhsuldur. Bu məhsul konyaka bənzəsə də, təkcə üzüm şərabından hazırlanır. Biz "konyak" terminindən istifadə etmirik, lakin bizim divin yüksək əlavə dəyərə malik premium keyfiyyətli içkidir", - Baş nazirinin müavini bildirib.
V. Bolya deyib ki, Moldova Azərbaycana soyudulmuş quş əti, yumurta, həmçinin qoz tədarükü imkanlarını da nəzərdən keçirir.
"Moldova qoz istehsalının həcminə görə dünyada altıncı, bu məhsulun Avropa İttifaqına ixracına görə isə üçüncü yeri tutur. Qoz əməkdaşlıq üçün daha bir maraqlı istiqamət ola bilər. Bilirik ki, Azərbaycanda paxlavanı çox sevirlər - o, həqiqətən də möhtəşəmdir. Əsas inqredientlərdən biri qoz olduğu üçün bu ənənəvi desertdə Moldova qozundan niyə də istifadə edilməsin? Əminik ki, bu, əməkdaşlığın faydalı və bir-birini tamamlayan istiqaməti ola bilər", - nazir qeyd edib.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.