Şirkətimiz gübrələr və bitkilərin qidalanması üçün biostimulyatorlar istehsal edir. Bu il biz dostumuzun, bu sahədə Azərbaycan bazarının liderlərindən olan "Aqrokimya" şirkətinin dəvəti ilə "Caspian Agro" sərgisində iştirak etmək qərarına gəldik.
Biz ilk növbədə məhsullarımızı Azərbaycanda təmsil edəcək distribütor tapmaq istəyirik. Hər şey arzuladığımız kimi olarsa, məhsullarımızı qeydiyyatdan keçirəcəyik.
Azərbaycan bazarını öyrəndikdən sonra belə qərara gəldik ki, ölkədə bizim istehsal etdiyimiz mikroelementlərə ehtiyac var. “Agromaster” şirkəti beynəlxalq standartlara cavab verən məhsulların keyfiyyətinə zəmanət verir. Qiymətlərə gəlincə, onlar Avropa qiymətlərindən 30-40% aşağıdır.
Bakı Beynəlxalq Sərgisi maraqlı və çoxşaxəlidir. Burada İtaliya və Almaniya şirkətlərinin çoxsaylı stendləri var. Bu da yaxşıdır, çünki xarici şirkətlər Rusiyaya gəlmir. Buna görə də onları burada görmək, ünsiyyət qurmaq bizim üçün vacibdir. Məsələn, Antalyada təşkil edilən sərgidə belə müxtəliflik yox idi. Bu o deməkdir ki, biz gələn il yenidən Bakıya gələcəyik və "Caspian Agro" sərgisində öz stendimizlə iştirak edəcəyik.
Fikrimizcə, ixtisaslaşdırılmış sərgilər böyük əhəmiyyət kəsb edir, çünki bir platformada həm sizə lazım olan insanlarla görüşə, həm ölkə bazarı ilə tanış ola, həm də distribütor tapa bilərsiniz. Bizim üçün səmimi ünsiyyət daha vacibdir. Əyani görüşmək, çay içərək iş haqqında müzakirə aparmaq telefon və ya e-poçt vasitəsilə danışıqlar aparmaqdan daha yaxşıdır. Beynəlxalq sərgilər məhsullarınızı tanıtmaq və yeni müştərilər tapmaq üçün ən yaxşı vasitələrdən biridir. "Caspian Agro" sərgisi isə bütün meyarlara cavab verir.
Aleksey Zaxarov, "AGROMASTER" şirkətinin beynəlxalq əlaqələr üzrə direktor müavini
İstinad : Caspian Agro I Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi