Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Xoşbulaq kəndində "Aqrar Biznes" və "Kənd təsərrüfatı məhsulları" Festivalı keçirilib.
"Report" nazirliyə istinadən xəbər verir ki, festivalda rayonda istehsal olunan ət, süd və arıçılıq məhsulları, meyvə, tərəvəz və digər təbii qidalar nümayiş olunub. Təbii və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları konseptində keçirilən festivalda ziyarətçilər məhsulları birbaşa istehsalçılardan almaq imkanı əldə ediblər.
Tədbirdə fermerlərlə yanaşı, sahibkarlar, investorlar, kənd təsərrüfatı üzrə mütəxəssislər və Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutlarının nümayəndələri iştirak ediblər. Belə ki, festivalda Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq, Baytarlıq, Bitki Mühafizə və Texniki Bitkilər, Üzümçülük və Şərabçılıq, Əkinçilik, Tərəvəzçilik, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutları elmi nailiyyətlərini, yeni texnologiya və tədqiqat nəticələrini əks etdirən stendlə təmsil olunublar.
Festivalda Daşkəsən rayonunun kənd təsərrüfatı potensialı nümayiş etdirilib, yerli istehsalçılar arasında əlaqələr möhkəmləndirilməsi və regionun aqroturizm imkanlarının tanıdılması məqsədilə görüş və təqdimatlar keçirilib. Festival çərçivəsində sərgi ilə yanaşı, kənd həyatına həsr olunmuş proqramlar təşkil olunub.
Növbəti məhsul festivalının iyulun 25-də Kürdəmir rayonunda keçirilməsi nəzərdə tutulur.