FAO: Hər il dünyada aqrar bitkilərin 40 %-i zərərvericilər və xəstəliklər səbəbindən itirilir”

FAO: Hər il dünyada aqrar bitkilərin 40 %-i zərərvericilər və xəstəliklər səbəbindən itirilir”

Hər il dünyada kənd təsərrüfatı bitkilərinin təxminən 40 %-i zərərvericilər və xəstəliklər səbəbindən itirilir.

"Report"un xəbərinə görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya Regional Ofisinin qida təhlükəsizliyi və istehlakçı hüquqlarının müdafiəsi üzrə mütəxəssisi Meri Kenni Bakıda "Ümumdünya Qida Təhlükəsizliyi Günü: Elm fəaliyyətdədir" mövzusunda keçirilən konfransa ünvanladığı video müraciətində deyib.

O bildirib ki, zərərvericilərə qarşı mübarizədə pestisidlər və digər inteqrə olunmuş tədbirlər mühüm rol oynayır: "Lakin pestisidlərin düzgün istifadə olunmaması onların qidada təhlükəli səviyyədə qalmasına səbəb ola bilər ki, bu da insan sağlamlığı üçün risk yaradır. Bitki və heyvan mənşəli qidalar qida zəncirinin müxtəlif mərhələlərində - istər tarlada, istər emalda, istərsə də pərakəndə satış zamanı və nəhayət, istehlakçının süfrəsində təhlükələrlə üzləşə bilərlər".

M. Kenni vurğulayıb ki, bu gün hamı daha təhlükəsiz qida təmin etmək üçün ortaq öhdəlik ətrafında birləşib: "Bu sessiyada biz qida təhlükəsizliyi, aqrar-qida sistemləri və dünya sağlamlığı arasındakı əlaqələri araşdıracağıq. Bildiyimiz kimi, aqrar-qida sistemimizin sağlamlığı yalnız istehlakçı və ictimai sağlamlığa deyil, həm də planetimizin sağlamlığına təsir edir. Təbii ehtiyatlar, canlı orqanizmlərin müxtəlifliyi, iqlim dəyişikliyi, sosial və iqtisadi inkişaf kimi amillərin qidanın hazırlanması, istifadə olunması və tullantıların idarə olunmasına necə təsir etdiyini və necə təsirləndiyini göstərir. Bu da rifahımızın ətraf aləmlə nə qədər bağlı olduğunu göstərir. Ona görə də qida təhlükəsizliyi problemlərini həll etmək olduqca vacibdir".