Qida təhlükəsizliyi qlobal problemdir, bu problem yerli həll yolları və beynəlxalq əməkdaşlıq tələb edir.
"Report" xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə bağlı Bakıda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, bu günün vacib əhəmiyyəti var: "Bu, bizə xatırladır ki, qida təhlükəsizliyi yalnız texniki məsələ deyil. Bu, ictimai etimad, milli rifah məsələsidir, vətəndaşlarımızın sağlamlığına, iqtisadi inkişafa və qida sistemlərinin davamlılığına təsir göstərir".
FAO rəsmisi vurğulayıb ki, təşkilat hökumətlərlə, tərəfdaşlarla və qurumlarla birgə güclü, inklüziv və dayanıqlı qida təhlükəsizliyi sistemləri qurmaq üçün çalışır: "Bu, tənzimləyici çərçivələrin dəstəklənməsi, qida nəzarət sistemlərinin gücləndirilməsi və qlobal standartlara uyğunlaşmanın təşviqini əhatə edir. Bu istiqamətdə sahib olduğumuz ən güclü alətlərdən biri "Codex Alimentarius" komissiyasıdır. Komissiya FAO və Ümumdünya Səhiyyə Təşkilatının təsis etdiyi beynəlxalq qida standartı qurumudur, 189 ölkəni bir araya gətirərək, istehlakçıların sağlamlığını qoruyan və ədalətli ticarəti təşviq edən beynəlxalq qida standartları hazırlayır. Bu standartlar qidanın sadəcə təhlükəsiz deyil, eyni zamanda etibarlı olmasını təmin edən qlobal istinad nöqtəsidir".
O, FAO-nun Azərbaycanla tərəfdaşlığına da toxunub:"Biz Azərbaycanda dövlət orqanları və iqtisadi qurumlarla artan tərəfdaşlıqdan qürur duyuruq. Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və universitetlər bizim əsas tərəfdaşlarımızdır. Azərbaycanın yerli qurumları müasir riskləri nəzərə alan və beynəlxalq əlaqəli bir qida təhlükəsizliyi sistemi qurmaqda əsl liderlik nümayiş etdiriblər".