Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş silsilə anım tədbirləri keçirilib. İnzibati binada baş tutan tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və Xocalı faciəsinin canlı şahidləri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Çıxış edən Universitetin tədris işləri üzrə prorektoru Əhməd Məlikov Xocalı faciəsinin Azərbaycan tarixində dərin iz buraxdığını və bu faciənin heç vaxt unudulmayacağını vurğulayıb. O, Azərbaycan xalqının haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd edib.
Daha sonra Xocalı ilə bağlı videoçarx nümayiş olunub.
Çıxış edən İctimai fənlər kafedrasının baş müəllimi Çinarə Səfərova erməni silahlı birləşmələrinin Xocalıda törətdiyi vəhşiliklər barədə geniş məlumat verib və faciənin beynəlxalq aləmdə tanınmasının əhəmiyyətindən danışıb.
Xocalı rayon sakinləri Səmayə Mirzəyeva, Nəsimi Məmmədov və faciənin şahidi, Gəncə Dövlət Aqrar Kollecinin tədris hissə müdiri Aliyə Abbasova faciə ilə bağlı öz xatirələrini bölüşüblər. Onlar həmin gecə yaşadıqları dəhşətli hadisələri tədbir iştirakçılarına çatdıraraq, Xocalı soyqırımının unudulmamasının vacibliyini vurğulayıblar.
Tədbirin bədii hissəsində ADAU tələbələri Arzu Rüstəmova, Leyla Həsənli, Ruslan Novruzəliyev və Səma Məmmədova Xocalıya həsr olunmuş şeirlər səsləndiriblər.
"Xocalı faciəsi: yaddaşlara həkk olunmuş qanlı tarix" mövzusunda Aqrar iqtisadiyyat fakültəsində keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Xocalı faciəsi qurbanlarının, eləcə də Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən tədris işləri üzrə prorektor Əhməd Məlikov Xocalı faciəsinin ermənilərin tarixən xalqımıza qarşı apardığı etnik təmizləmə və işğal siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdıraraq dünya tarixinə ən dəhşətli soyqırımı aktlarından biri kimi düşən Xocalı faciəsinin erməni millətçiliyinin yüz illər ərzində həyata keçirdiyi etnik separatizm, başqa xalqlara qarşı nifrət, terror ideologiyasının tük ürpədən, insanlığa utanc gətirən nümunəsi olduğunu deyib.
İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov çıxışında Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı, eyni zamanda, əsrlər boyu keçdiyi mübarizə və azadlıq yolu olduğunu deyib. Kafedra müdiri vurğulayıb ki, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız, o cümlədən Xocalı azadlığa qovuşub və yeni inkişaf mərhələsinə qədəm qoyub.
İctimai fənlər kafedrasının dosenti Sevda Abdullayeva Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasının hər zaman Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasında dayandığını vurğulayaraq bu dəhşətli cinayətin beynəlxalq müstəvidə tanıdılmasında dövlətimizin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətlərindən ətraflı danışıb.
II kurs tələbəsi Banuçiçək Atakişiyeva "Xocalı" şerini səsləndirib. Sonda Xocalı faciəsini özündə əks etdirən video çarx izlənilib.
Mühəndislik və Torpaqşünaslıq və aqrokimya fakültələrində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı keçirilən tədbirlərdə çıxış edənlər ermənilərin Xocalının dinc sakinlərinə, qadınlara, qocalara, uşaqlara qarşı törətdikləri insanlığa sığmayan qəddarlıqlarından danışıblar. Bildirilib ki, təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu soyqırımı cinayəti nəticəsində 613 Xocalı sakini, o cümlədən 106 qadın, 63 uşaq, 70 ahıl xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir götürülüb, onlardan 150-nin taleyi isə indiyədək naməlum qalıb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq valideynlərindən hər ikisini, 130 uşaq isə valideynlərindən birini itirib. 487 şəxs, o cümlədən 76 uşaq məruz qaldıqları ağır fiziki və psixoloji işgəncələrdən ömürlük əlilə çevrilib. Xocalı soyqırımı törədilən zaman "Müharibə qurbanlarının müdafiəsi haqqında" Cenevrə konvensiyaları kobud şəkildə pozulub.
Universitetin Əsaslı kitabxanası, ADAU THİK və ADAU TGT-nin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş "Xocalı - faciədən doğan intiqam" adlı tədbir keçirilib.
Əsaslı kitabxananın foyesində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş kitab sərgisinə baxışdan sonra təşkil olunan tədbirdə ilk öncə Xocalı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mühəndislik fakültəsinin dekanı Təvəkgül İslamov, Kitabxananın direktoru Kamil Məmişov, kafedra müdiri Elgün Aslanov, kafedra müdiri Fəxrəddin Yusibov və kitab klubunun sədri tələbə Ruslan Novruzəliyev çıxışlarında Ermənistan silahlı qüvvələri bölmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının texnika və canlı qüvvəsinin iştirakı ilə təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda bütün bəşəriyyətə, insanlığa qarşı törətdiyi soyqırımının 33-cü ildönümünün əvvəlki illərdən fərqli olaraq yeni bir məzmunda, qələbə əhval-ruhiyyəsində anıldığını bildiriblər.
Sonda Xocalı soyqırımına həsr olunmuş "Ümid işığı Xocalı" adlı qısametrajlı film nümayiş olunub.