Sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların – Dövlət İmtahan Mərkəzi, Tələbə Təhsil Kredit Fondu, “Abituriyent” jurnalı redaksiyası, e-psixoloq.az psixoloji dəstək platforması və otk.az onlayn sınaq imtahanı portalının stendləri yer alır.
Sərgi 31 iyul – 2 avqust 2024-cü il tarixlərində Mərkəzin elektron imtahanlar korpusunda təşkil olunur. Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.
Ziyarətçilər sərgidə ali təhsil müəssisələrinin nümayəndələri ilə birbaşa ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, təhsil haqqı, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanına malikdirlər.
Sərgidə abituriyentlərlə yanaşı, onların valideynləri də iştirak edə bilərlər. İştirakçılar qeydiyyat zamanı onlara uyğun tarix və saatı seçə bilərlər. Bundan əlavə, bəzi ali təhsil müəssisələri ayrıca olaraq əvvəlcədən təyin olunmuş zallarda və saatda daha geniş formada təqdimat nümayiş etdirmək imkanına malikdirlər.
Qeyd edək ki, sərgidə Azərbaycan Dövlət Aqrar Universitetidə (ADAU) öz stendi ilə təmsil olunur.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ