Oktyabrın 4-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş bədii yaradıcılıq festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədri Araz Paşayev dövlətimizin gənclər siyasətindən danışıb. Bildirib ki, bədii yaradıcılıq festivalı ATİAHİ RK və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib: “Festivalın məqsədi Ulu Öndər Heydər Əliyevin mədəniyyətimizlə bağlı ideyalarını təbliğ etmək, həmçinin gənclərimizə vətənpərvərlik ruhunu aşılamaq, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət etməklə gənclərimizin bədii-estetik səviyyəsini yüksəltməkdir. Eləcə də mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək də məqsədlər arasındadır”.
Qaliblər arasında Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar iqtisadiyyat fakültəsinin III kurs tələbəsi Murad Fərəcov Respublika "Vokal" (klassik) nominasiyası üzrə II yerə layiq görülüb.
Qeyd edək ki, bu ilin may ayında Heydər Əliyev Sarayında keçirilmiş festivalın yekun konsertində 26 ali təhsil müəssisəsinin tələbələrindən ibarət özfəaliyyət kollektivləri iştirak edib.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ