Azərbaycan Ağsaqqallar Şurası Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ağsaqqalların və gənclərin Qərbi azərbaycanlılara dəstəyi devizi ilə "Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir" mövzusuna həsr edilmiş regional konfrans keçirilib.
Konfransda ölkəmizin Qərb bölgəsi – Gəncə, Qazax, Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Samux, Tovuz, Göygöl, o cümlədən Kəlbəcər rayonu üzrə Azərbaycan Ağsaqqallar Şurasının, Qərbi Azərbaycan İcmasının, YAP-ın və gənclər təşkilatlarının üzvləri, ağsaqqallar, ziyalılar, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurlarından və hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsindən söz açıb. Ağsaqqalların gənclərlə apardığı işləri yüksək qiymətləndirərək bildirib ki, günümüzün aparıcı qüvvəsi olan gənclərlə birlikdə ağsaqqalların Qərbi Azərbaycana qayıdış məsələsində fəal iştirakı mühüm əhəmiyyət kəsb edir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev Azərbaycan Ağsaqqallar Şurasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən regional konfransı Qərbi Azərbaycana qayıdış istiqamətində növbəti uğurlu addım hesab edərək ölkəmiz üçün əhəmiyyətli olan bu işə hər vətəndaşımızın dəstək olmasının zəruriliyini vurğulayıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın Qərb regionu üzrə kuratoru Bayram Yusifov Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən hər zaman prioritet və aktual hesab edilən Qərbi Azərbaycan məsələsinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin öz uğurlu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdiyini vurğulayıb. Qeyd edib ki, dövlət başçısının böyük diqqət ayırdığı bu prosesdə biz ağsaqqallar və gənclər də bütün imkanlarımızla yaxından iştirak etməli, xüsusilə informasiya müharibəsində üstünlük qazanmalı, Qərbi azərbaycanlıların haqq səsini beynəlxalq aləmə çatdırmalıyıq.
Regional konfransda YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev, Qərbi Azərbaycan İcmasının üzvü, Bayram Apoyev, Qərbi Azərbaycan İcmasının Gəncə nümayəndəsinin müavini Arifə Əhmədova və başqaları çıxış edərək yüz minlərlə Qərbi azərbaycanlıların haqlarının bərpası və onların öz ata-baba yurdlarına qayıdışının həyata keçirilməsi üçün böyük işlər görüldüyünü vurğulayıblar. Qeyd ediblər ki, öz tarixi torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurd-yuvalarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək vermək məqsədilə hər bir təşkilat, hər bir vətəndaşımız əlindən gələni etməlidir.
Tədbirin sonunda Fuad Əliyev Gəncə Şəhər Ağsaqqallar Şurası tərəfindən səmərəli fəaliyyətinə görə və 75 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif olunub.
Həmçinin, Gəncə Şəhər Ağsaqqallar Şurasının qadın üzvlərinə üzvlük vəsiqələri təqdim edilib.