AKİA: Soya, qarğıdalı və günəbaxan əkənlər bu ildən məhsul subsidiyası alacaq

AKİA: Soya, qarğıdalı və günəbaxan əkənlər bu ildən məhsul subsidiyası alacaq

Bu ildən Kənd Təsərrüfatı Nazirliyi soya, qarğıdalı və günəbaxan bitkilərinə görə məhsul subsidiyası ödəyəcək.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) nümayəndəsi Rəşad Fəttahov Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.

"İndiyə qədər soya bitkisinə görə yalnız əkin subsidiyası ödənilirdisə, bu ildən yalnız məhsul subsidiyası ödəniləcək. Ancaq qarğıdalı və günəbaxana görə isə həm əkin, həm də məhsul subsidiyası veriləcək", - deyə o qeyd edib.

AKİA rəsmisi əlavə edib ki, soya üçün məhsul subsidiyası müasir suvarma sistemi ilə təmin edilmiş və edilməmiş hər hektar ərazi üçün müvafiq olaraq 120 manat və 100 manat olacaq.

"Qarğıdalı və günəbaxan əkinlərində belə bir şərt yoxdur. Bu məhsulları təhvil verən fermerlərə hər tona görə 50 manat subsidiya veriləcək. Yaxın vaxtlara qədər pambıq, şəkər çuğunduru və tütün məhsullarına görə subsidiya ödəyirdik. Son iki ildə ərzaqlıq buğdaya görə də ödənişlər həyata keçiririk", - deyə R.Fəttahov əlavə edib.