Azərbaycanda aqroparklarda iri layihələr üçün süni intellektin tətbiqi çevik imkanlar yarada bilər.
"Report" xəbər verir ki, bunu İtaliyanın "TİM International" şirkətinin şöbə müdiri Attilio Somma Bakıda keçirilən II Beynəlxalq Aqrar İnnovasiya Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət müxtəlif sahələr üzrə ixtisaslaşmış böyük bir komandadan ibarətdir və burada bir sıra qabaqcıl texnologiyalar - bulud həlləri, IoT (əşyaların interneti), süni intellekt və kibertəhlükəsizlik - inteqrasiya olunaraq tətbiq edilir.
"Şirkətimizin əsas sərmayə yönəltdiyi sahələrdən biri də beş il əvvəl Google Cloud ilə başlanan aqrar texnologiyalar (AgriTech) istiqamətidir. Çünki İtaliya və Avropada süni intellektin ümumi tətbiqi 50 %-dən çox olduğu halda, aqrar sektorda bu göstərici cəmi 20 %-dir. Bu səbəbdən, suvarma sistemləri üçün IoT sensorları, temperaturun izlənməsi və digər funksiyaları birləşdirən xüsusi platforma hazırlamışıq. Eyni zamanda, fermerlərin bitkilərin vəziyyətini vaxtında təhlil etməsi və istehsal proseslərini optimallaşdırması üçün böyük həcmdə məlumatların toplanması istiqamətində işlər aparılır", - deyə A. Somma qeyd edib.
O əlavə edib ki, süni intellekt alqoritmlərinin biznes planlaşdırması və büdcəyə nəzarət sahələrində tətbiqi məhsuldarlığın artırılmasına və xərclərin azaldılmasına mühüm töhfə verir.
A.Sommanın sözlərinə görə, süni intellekt bütün sahələrə təsir göstərsə də, onun digər texnologiyalarla birlikdə istifadəsi daha səmərəli nəticələr verir, çünki süni intellekt yalnız bir vasitədir.
O həmçinin Avropa və İtaliyada aqrar sahədə rast gəlinən əsas problemlərdən birinin bazarın parçalanmış strukturu olduğunu vurğulayıb:
"10 hektardan az əraziyə malik olan kiçik fermer təsərrüfatlarında rəqəmsallaşma səviyyəsi cəmi 8–10% təşkil edir. Lakin 200 hektardan artıq torpaq sahəsi olan iri fermerlərdə bu göstərici 40 %-dən yüksəkdir. Onlar artıq IoT, süni intellekt və biznes planlaşdırması üzrə ən azı üç fərqli həlli tətbiq edirlər. Buna baxmayaraq, hələ də genişmiqyaslı maarifləndirmə və təlim işlərinə ciddi ehtiyac qalır".