Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da torpaq resursları kənd təsərrüfatı məhsullarının istehsalında əsas amillərdən biridir, ölkənin ərzaq təhlükəsizliyində mühüm rol oynayır.
Bəs bu resurslardan səmərəli istifadə edilirmi? "Report" mövzunu aqrar sahə üzrə ekspertlərlə müzakirə edib.
Onlardan biri - Naxçıvan Muxtar Respublikasının keçmiş kənd təsərrüfatı naziri Rəcəb Orucov deyir ki, son vaxtlar ölkədə torpaq resurslarından səmərəli istifadə məqsədilə uzun müddət əkin dövriyyəsindən çıxmış torpaqlar yenidən kənd təsərrüfatı məhsullarının istehsalına cəlb olunur: "Hazırda bir çox təsərrüfatlar məhz bu tip torpaqlarda fəaliyyətə başlayır. Lakin bu torpaqlar uzunmüddətli deqradasiyaya uğramış, fiziki və kimyəvi cəhətdən zəifləmiş sahələrdir. Buna görə həmin ərazilərdə məhsuldarlığın bərpası, dayanıqlı kənd təsərrüfatı fəaliyyəti üçün kompleks meliorativ tədbirlər görülməsi vacibdir".
Ekspertin sözlərinə görə, bu baxımdan Qarabağ və Şərqi Zəngəzurdakı torpaqlar istisnadır: "Həmin ərazilər təbii münbitliyinə və aqrokimyəvi göstəricilərinə görə Azərbaycanın digər bölgələri, xüsusilə də Mərkəzi Aranla müqayisədə daha üstün hesab olunur. Kiçik Qafqazın ətəklərinə və dağlıq hissələrinə doğru irəlilədikcə torpaq tiplərində də dəyişiklik müşahidə olunur. Burada şabalıdı, açıq şabalıdı və bəzi yüksək dağ yamaclarında hətta qara torpaqlar kimi yüksək məhsuldarlıq potensialına malik torpaq növlərinə rast gəlinir. Bütün bu xüsusiyyətlər bölgədə kənd təsərrüfatının inkişafı üçün əlverişli təbii şərait olduğunu göstərir".
Aqrar sahə üzrə digər ekspert Xaliq Məmmədov deyir ki, Azərbaycanda 1,5 milyon hektardan çox torpaq sahəsi əkinə cəlb olunsa da, ölkəmiz bir sıra bitkiçilik məhsullarına tələbatını ödəyə bilmir, bu da torpaq resurslarından istifadənin səmərəsiz olmasından xəbər verir: "Məsələn, əhalinin qida rasionunda mühüm yer tutan kartofun istehsal həcmi daxili tələbatı tam ödəyəcək qədər deyil. Məhsuldarlığın aşağı olması səbəbindən ilin müəyyən dövrlərində Azərbaycan tamamilə idxaldan asılı vəziyyətə düşür. Ölkədə heyvandarlıq məhsullarının təmin edilməsi üçün ayrılmış yem torpaqlarının sahəsi cəmi 128 min hektardır. Bu isə ölkənin potensialına və tələbatına uyğun deyil. Nəticədə, yem bitkilərinə olan daxili tələbat ödənilmir və istehsal səviyyəsi aşağı səviyyədədir. Heyvandarlığın, xüsusilə də qoyunçuluğun inkişafı üçün yeni əkin sahələrinin istifadəyə verilməsi zəruridir. İllərlə istifadəsiz qalmış və yaxyd yararsız hesab edilən islaq torpaqların əkin dövriyyəsinə qaytarılması, həm yem bazasının genişlənməsinə, həm də torpaq resurslarının daha səmərəli istifadəsinə töhfə verə bilər".
Onun sözlərinə görə, regionlarda yaşayan insanların aşağı faizli kreditlərə çıxışı məhdud olduğundan onlar dolanışığını təmin etmək üçün əsasən paytaxt Bakıya, qismən isə digər iri şəhərlərə miqrasiya edir: "Bu isə kəndlərdə torpaqdan istifadə səviyyəsini azaldır, şəhərlərdə isə qeyri-formal məşğulluğu və sosial gərginliyi artırır. Halbuki, torpaq ehtiyatlarından təyinatı üzrə və səmərəli istifadə ölkənin ərzaq təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır".