Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə birgə İşçi Qrupun yaradılması müzakirə edilib.
"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr kənd təsərrüfatı naziri Məcnun Məmmədovla Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya ilə görüşdə aparılıb.
M.Məmmədov bildirib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir: "Azərbaycan Latviya ilə iqtisadi və ticari əlaqələrin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri tam dəstəkləyir".
Azərbaycanda etibarlı və əlverişli biznes mühitinin, eləcə də böyük tranzit potensialının olduğunu xatırladan nazir əlavə edib ki, latviyalı sahibkarlar Azərbaycanın investisiya imkanlarını dəyərləndirə və nəqliyyat-tranzit potensialından daha geniş istifadə edə bilərlər.
Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, Latviyalı sahibkarların Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirakı, müasir texnologiyaların transferi və aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə təcrübə proqramlarının həyata keçirilməsi məsələləri müzakirə olunub.
Səfir isə ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələr üzrə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib.