Azərbaycanın aparıcı çay brendi olan "Azerçay", çay yığım mövsümünün başlanması münasibətilə Masallı rayonunda yerləşən çay plantasiyasına geniş miqyaslı mediatur təşkil edib. Tədbirin əsas məqsədi Azərbaycan çayçılıq ənənələrini media nümayəndələrinə daha yaxından tanıtmaq və çay istehsal prosesini nümayiş etdirmək olub.
Masallıda çay yığımı – yerində müşahidə
Mediatur zamanı jurnalistlər çay yığım prosesi, sahələrdə aparılan aqrotexniki tədbirlər, müasir çiləmə suvarma sistemləri və çay becərilməsinin digər mərhələləri ilə yerində tanış olublar. "Sun Tea" çay fabrikinin rəhbəri Nuriyyə Rəhmanova bildirib ki, bu mövsüm çay plantasiyalarında məhsuldarlıq gözləniləndən yüksək olub:
"Məhsuldarlığın artırılması üçün il ərzində sahələrdə ardıcıl olaraq aqrotexniki qulluq işləri görülüb. Eyni zamanda əldə olunan yaşıl çay yarpaqları keyfiyyət baxımından həm yerli, həm də xarici bazarlarda yüksək qiymətləndirilir və tələbat günü-gündən artır."
100 hektardan artıq sahədə yığım işləri aparılır
Plantasiyalarda həyata keçirilən işlərlə bağlı məlumat verən İdari işlər məsul şəxs Altay Abbasov qeyd edib ki, hazırda 100 hektardan artıq sahədə çay yığımı davam edir. Onun sözlərinə görə, sahələr müasir çiləmə sistemi ilə suvarılır və növbəti yığım mərhələsi bu ilin iyul ayında planlaşdırılır.
"Azerçay" — Azərbaycanın çay brendi dünyaya açılır
Qeyd edək ki, "Azerçay" markası bu gün təkcə yerli bazarda deyil, dünyanın 40-dan çox ölkəsində böyük rəğbətlə istehlak olunur. Üzərində "Made in Azerbaijan" yazısı olan bu milli məhsul, Azərbaycan çayçılıq ənənələrinin beynəlxalq miqyasda tanıdılmasına böyük töhfə verir və beynəlxalq sərgilərdə uğurla təmsil olunur.