Bakıda Beynəlxalq Aqrar İnnovasiya Forumu təşkil olunacaq

Bakıda Beynəlxalq Aqrar İnnovasiya Forumu təşkil olunacaq

Bakıda 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgiləri çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək.

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Nərmin Kərimli sərgilərin açılışına həsr olunmuş mətbuat konfransında deyib.

"Forum çərçivəsində müasir kənd təsərrüfatı yanaşmalarında aqropark modeli, süni intellektin aqrar sahədə tətbiqi, aqrar sığorta sisteminin inkişaf perspektivləri, dayanıqlı qida sistemləri, kənd təsərrüfatı və qida elmləri sahəsində təcrübə mübadiləsi, innovativ kənd təsərrüfatı texnologiyaları, aqrar sahədə qadınların rolu və digər vacib mövzular müzakirə olunacaq. Foruma xarici qonaqların, o cümlədən nazirlərin də qatılacağı gözlənilir", - deyə o bildirib.

N.Kərimli əlavə edib ki, sərgilər çərçivəsində kənd təsərrüfatı sahəsinə dair daha bir əhəmiyyətli beynəlxalq tədbir – İslam Ticarət və İnkişaf Palatasının "Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumu" baş tutacaq: "Tədbir mayın 14-15-də baş tutacaq. Forum Kənd Təsərrüfatı Nazirliyi, Aqrar İnnovasiya Mərkəzi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və sərgi təşkilatçılarının dəstəyi ilə həyata keçiriləcək. Tədbirdə 200-dən çox beynəlxalq və yerli nümayəndənin, rəsmi şəxslərin və ekspertlərin iştirakı gözlənilir. Forumun müzakirə gündəmini davamlı kənd təsərrüfatına investisiyalar, kənd təsərrüfatında kiçik və orta biznesin (KOB) gücləndirilməsi, kənd təsərrüfatı ticarəti, dəyər zəncirləri və qida bazarları kimi mövzular təşkil edəcək. Eyni zamanda, forum çərçivəsində ikitərəfli işgüzar (B2B) görüşlər və müxtəlif təlimlər də keçiriləcək".

O vurğulayıb ki, bu forum Azərbaycanın kənd təsərrüfatı sektorunda beynəlxalq iqtisadi əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.