Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibəti ilə tələbələrlə görüş təşkil olunub.
Görüşdə çıxış edən Universitetin Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova bildirib ki, müasir, müstəqil Azərbaycanda könüllülük sahəsində əsl inkişaf Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərə çarpacaq yüksəlişi məhz Ümummilli Liderin adı ilə bağlıdır.
Belə ki, Ulu Öndərin ölkəmizə rəhbərliyinin ilk illərindən başlayaraq hər tərəfli və davamlı inkişaf məqsədi ilə dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. XXI əsrin əvvəllərində prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə ölkəmizin tarixinin dinamik və hərtərəfli inkişaf mərhələsi başlayıb.
Ölkəmizin müstəqilliyinin bərpasından sonra qazandığı uğurlarda şübhəsiz ki, könüllü gənclərində payı var. Daha sonra prorektor gəncləri təbrik edib və bu şərəfli yolda onlara uğurlar arzu edib.
Tədbirdə könüllü gənclərin fikirləri dinlənilib və fəal könüllülər fəxri fərmanla mükafatlandırılıb.