“Dəqiq kənd təsərüfatında süni intellektin tətbiqi” layihəsinə start verilib

“Dəqiq kənd təsərüfatında süni intellektin tətbiqi” layihəsinə start verilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə "Dəqiq kənd təsərüfatında süni intellektin tətbiqi" layihəsinə start verilib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Layihənin məqsədi kənd təsərrüfatı sahəsində innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə süni intellektin tətbiqini təşviq etməkdir. Layihədə ölkə üzrə süni intellektin tədris olunduğu 10-a yaxın ali təhsil müəssisəsinin tələbələrinin və gənc tədqiqatçılarının iştirakı nəzərdə tutulur. Layihənin dayanıqlı olması məqsədilə layihə iştirakçıları təsərrüfatlarla əməkdaşlıq edən ali təhsil müəssisələri tərəfindən müəyyən olunacaq.

Layihənin ilkin mərhələsi ali təhsil müəssisələrinin və innovativ təsərrüfatların seçilməsi, eləcə də kənd təsərrüfatının bitkiçilik, meyvəçilik, balıqçılıq, heyvandarlıq, bitki mühafizəsi və digər prioritet istiqamətləri üzrə fəaliyyət göstərən özəl şirkətlər tərəfindən süni intellektin tətbiqinə dair universitetlərdə vorkşopların, aqroparklar və iri təsərrüfatlara infoturların təşkili formasında həyata keçirilir. Bu istiqamətdə ilk vorkşop sabah Bakı Dövlət Universitetində keçiriləcək.

Layihə çərçivəsində baş tutacaq vorkşopda kənd təsərrüfatının bitkiçilik, meyvəçilik, balıqçılıq, heyvandarlıq sahələri üzrə aqrar sahədə fəaliyyət göstərən ölkənin aparıcı kənd təsərrüfatı şirkətlərinin və innovativ təsərrüfat rəhbərlərinin iştirakı ilə avtomatlaşdırılmış sistemlər və süni intellektin tətbiqi mövzusunda təqdimatlar olacaq, müvafiq istiqamətlər üzrə iştirakçılara ətraflı məlumat veriləcək.

Layihədə iştirakla bağlı əlavə məlumatlar ali təhsil müəssisələrində təşkil olunan vorkşoplar zamanı təqdim olunacaq. Vorkşop mərhələsindən sonra seçilmiş iri aqropark və müəssisələrdə inforturların təşkili planlaşdırılır.

Layihə iştirakçılarının süni intellektin tətbiqi sahəsində əldə etdikləri nəzəri və praktiki bilgilər əsasında aprelin 28-29-da Zəngilan rayonunun Ağalı kəndində "Bootcamp" təşkil ediləcək. Əsas məqsədlərdən biri işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün innovativ həllərə əsaslanan texnoloji yeniliklərin təşviqi, bu ərazilərdə yaşayan gənclərin aqrar innovasiyalar barəsində məlumatlılığının artırılması, aqrar sahədə fəaliyyət göstərən maraqlı tərəflər arasında təcrübə mübadiləsinin aparılması və qarşılıqlı faydalı işgüzar görüşlərin keçirilməsidir.

Layihə çərçivəsində ali təhsil müəssisələrindən ibarət komandalar tərəfindən təklif olunan ağıllı və innovativ həllər seçilmiş özəl təsərrüfatlarda tətbiq olunacaq.

Layihənin yekununda iştirakçılar tərəfindən təklif olunan və hazırlanmış ağıllı həllərin 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində nümayişi nəzərdə tutulur.