Kənd Təsərrüfatı Nazirliyi ABŞ-ın "McKinsey & Company" şirkəti də daxil olmaqla, beynəlxalq tərəfdaşların dəstəyi ilə "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi"nin (EKTİS) 2.0 versiyasını - süni intellektlə təchiz olunmuş yeni nəsil texnoloji platformasınə inkişaf etdirir.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Laçında İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Qadınlar Forumu çərçivəsində "Dayanıqlı İnkişafda Qadınların Rolu" mövzusunda panel sessiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün 700 000-dən çox qeydiyyatdan keçmiş fermerlə EKTİS dövlət dəstəyinə və məlumatlara əsaslanan təhlillərə fasiləsiz çıxışı təmin edir: "Qeydiyyatdan keçmiş fermerlərin 26 %-dən çoxu qadınlardır. Ən önəmlisi, platforma genderə görə fərqləndirilmiş statistik məlumatlar təqdim edir. Nazirlik bununla kifayətlənmir və EKTİS-i inkişaf etdirir".
Nazir müavini bildirib ki, bu yeni sistem ziyanvericilər, quraqlıq və hava ilə bağlı təhlükələr üçün erkən xəbərdarlıq sistemlərinə, peyk və sensor məlumatlarına əsaslanan məhsul yoxlanışı və məhsuldarlığın proqnozlaşdırılması, torpaq və suvarma xəritələşdirilməsi, ətraf mühitə zərəri və xərcləri azaltmaq üçün süni intellekt əsaslı pestisid istifadəsinin optimallaşdırılması kimi xidmətlər təqdim edəcək.
O əlavə edib ki, bu alətlər fermerlərə, xüsusilə də qadınlara və gənclərə daha ağıllı, sürətli və dayanıqlı qərarlar qəbul etməyə imkan verəcək: "Bu yeniliklərlə biz təkcə sistemləri deyil, həm də kənd həyatını köklü şəkildə dəyişirik. Bu yanaşmanın güclü nümunəsi Zəngilan rayonunun Ağalı kəndində yerləşən "Ağıllı Kənd" layihəsidir. Ağalının qadın və gəncləri artıq günəş enerjisi ilə çalışan suvarma sistemləri, rəqəmsal torpaq sensorları və e-hökumət xidmət mərkəzləri ilə təchiz olunmuş təsərrüfatları idarə edirlər. Bütün bunlar iqlimə davamlılıq və innovasiyalar üzərində qurulmuş bir kənd mühitində həyata keçirilir".