FAO Azərbaycanda torpaqların konsolidasiyasına və kooperativ hərəkatının inkişafına dəstək verəcək

FAO Azərbaycanda torpaqların konsolidasiyasına və kooperativ hərəkatının inkişafına dəstək verəcək

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) torpaqların konsolidasiyası ilə bağlı sənədi Kənd Təsərrüfatı Nazirliyinə təqdim edib.

"Report" xəbər verir ki, bunu FAO-nun Azərbaycandakı nümayəndəsinin müavini Bariz Mehdiyev Bakıda keçirilən II Beynəlxalq Aqrar İnnovasiya Forumunda bildirib.

"Bu istiqamətdə görüləcək işlər çoxdur. FAO olaraq apardığımız araşdırmalarda da gördük ki, kooperativ hərəkatının inkişafına mane olan müəyyən baryerlər var. Kiçik torpaq sahələrinə malik olan fermerlərin birləşməsi çətindir və kooperasiya prosesinə ciddi əngəl yaradır. Bu məsələ ilə bağlı FAO Makedoniya təcrübəsinə uyğun olaraq torpaqların konsolidasiyası üzrə proqramın hazırlanmasında Azərbaycan hökumətinə dəstək verib", - deyə o qeyd edib.

FAO rəsmisi həmçinin deyilib ki, hazırda Qarabağda kooperativ hərəkatını inkişaf etdirmək üçün çox əlverişli imkanlar mövcuddur:"Çox sevindirici haldır ki, artıq bu torpaqlar icarəyə verilir. Biz düşünürük ki, Qarabağda uğurlu bir model tətbiq edərək, gələcəkdə bu təcrübəni Azərbaycanın digər regionlarında da genişləndirə bilərik. Lakin qeyd etmək lazımdır ki, bu, uzunmüddətli, çətin prosesdir. Onun tam həyata keçirilməsi 20-30 il vaxt apara bilər. Amma kənd təsərrüfatının dayanıqlı inkişafı üçün bu işlərin görülməsi vacibdir".

Onun sözlərinə görə, Azərbaycanda kooperativ hərəkatının inkişafı üçün yol xəritəsi hökumətə təqdim edilib.

"FAO olaraq biz üzv ölkələrin hökumətlərinə müxtəlif istiqamətlərdə dəstək göstəririk.Kooperativ təşəbbüsləri də bu fəaliyyətə daxildir. Xüsusilə texniki əməkdaşlıq proqramı çərçivəsində həyata keçirdiyimiz layihəni qeyd etmək istərdim. Bu layihə çərçivəsində Azərbaycanda kooperativlərin mövcud vəziyyəti qiymətləndirilib. Belə ki, Qəbələ, Qax və Sabirabad rayonlarında 60-dan çox fermer üçün maarifləndirici təlimlər keçmişik. Eyni zamanda, 21 qiymətləndirmə sənədi hazırlamışıq", - deyə B.Mehdiyev qeyd edib.

O vurğulayıb ki, 2016-cı ildə kənd təsərrüfatı kooperativləri ilə bağlı dövlət proqramı qəbul olunub, 2017-ci ildən bu sahədə müəyyən canlanma müşahidə edilir: " Lakin açıq deməliyik ki, hazırda Azərbaycanda kooperativlərin sayı kifayət qədər deyil və bu da təəssüf doğurur. Rəsmi qeydiyyatdan keçmiş kooperativlərin sayı təxminən 50-dir. Müqayisə üçün deyim ki, İtaliyada 40 mindən çox kəndli kooperativi var və onların 1,2 milyona yaxın üzvü var. Diqqətçəkən məqamlardan biri də odur ki, bu kooperativlərin ümumi istehsalı İtaliyanın ÜDM-nin 8 %-ni təşkil edir. Azərbaycanda bu göstərici üzrə dəqiq araşdırma və qiymətləndirmə aparılmayıb. Biz FAO olaraq belə araşdırmalar aparılması və dünyada mövcud olan uğurlu təcrübələrin ölkənizdə tətbiq olunması istiqamətində hökumətə dəstək göstərməyə hər zaman hazırıq".

FAO rəsmisi xatırladıb ki, təşkilat 1945-ci ildə təsis olunub və bu il 80 illik yubileyini qeyd edəcək: "Bu münasibətlə müxtəlif tədbirlər planlaşdırılır. BMT-nin qurumu olaraq kooperativlərlə bağlı mövqeyini çatdırmaq istərdim. 2012-ci il BMT Beynəlxalq Kooperativlər İli elan etmişdi. 2025-ci il də Kooperativlər İli elan olunub. Eyni zamanda, hər il iyul ayının ilk şənbə günü Ümumdünya Kooperativlər Günü kimi qeyd olunur. Bu, simvolik gün olsa da, kooperativlərin dünya iqtisadiyyatında tutduğu mühüm yeri və verdiyi töhfəni vurğulamaq məqsədi daşıyır".