İqlim dəyişikliyi kənd təsərrüfatı sektorunda ciddi təsirlərə səbəb olur, çünki temperaturun azacıq yüksəlməsi belə məhsulun vaxtında yetişməməsinə, yeni zərərvericilərin meydana çıxmasına və suyun tərkibinin dəyişməsinə səbəb olur.
"Report" xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Bakıda keçirilən II Beynəlxalq Aqrar İnnovasiya Forumunda deyib.
Onun sözlərinə görə, bütün bu dəyişikliklərə uyğunlaşmaq isə investisiya tələb edir: "Əgər fermerin gəliri təminat altına alınmırsa, ondan kənd təsərrüfatına sərmayə qoymağı necə gözləyə bilərik?"
FAO rəsmisi bildirib ki, məhz bu səbəbdən məhsul sığortası konsepsiyası tətbiq olunur: "Bu, yalnız maliyyə aləti deyil. Məhsul sığortası ərzaq təhlükəsizliyinin qorunmasına, fermerlərin müflis olmasının qarşısının alınmasına və itkilərin azaldılmasına xidmət edir".
M. Nasar əlavə edib ki, kənd təsərrüfatı digər sahələrlə müqayisədə daha yavaş inkişaf edir: "Sənaye, infrastruktur və neft-qaz sahələrindən fərqli olaraq, kənd təsərrüfatında dəyişikliklər daha çətin və uzunmüddətli olur. Fermerlərin iş üsullarını dəyişməsi üçün illər tələb olunur. Məsələn, proqram təminatları hər ay yenilənə bilər, amma fermerin iş tərzində kiçik bir dəyişiklik üçün belə, bəzən 10 ilə qədər vaxt lazım olur. Çünki burada etibar, əlçatanlıq, maariflənmə və risk qorxusu kimi amillər var".
O, çıxışının sonunda məhsul sığortası sahəsinin inkişafına töhfə verən tərəfdaşlarla birgə tədbirdə iştirak etdiyinə məmnunluqla qeyd edib: "Azərbaycan bu sahədə mühüm addımlar atır. Bu, kənd təsərrüfatına daha çox investisiya cəlb olunmasına imkan yaradacaq. Yalnız dövlət deyil, bütövlükdə cəmiyyət bu sahəyə daha çox sərmayə qoyacaq".