Azərbaycanda kənd təsərrüfatı məhsullarının sığortalanması sahəsində əsas çətinliklərdən biri icra mexanizmində olan boşluqlardır.
"Report" xəbər verir ki, bu barədə Şəki rayonunda fəaliyyət göstərən fermer Etibar Nuriyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, uzun müddət kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sığorta şirkəti olmayıb və bu sektor sığorta bazarında riskli sahə kimi qiymətləndirildiyindən diqqətdən kənarda qalıb:
"Bəzən keçirilən görüşlərdə dəfələrlə təklif olunurdu ki, kənd təsərrüfatına xüsusi diqqət yetirəcək bir sığorta şirkəti yaradılsın. Nəhayət, 2020-ci ildə Aqrar Sığorta Fondunun yaradılması xəbəri bizə ümid verdi. Bu, yeni bir qurumdur və ondan hər şeyi birdən-birə gözləmək doğru olmaz. Amma təəssüf ki, icra prosesində bəzi xoşagəlməz hallarla qarşılaşırıq".
E. Nuriyev meyvəçilik sahəsində yaşadığı konkret bir problemi də diqqətə çatdırıb. O bildirib ki, sığorta müqaviləsi bağlandıqdan sonra məhsulun tozlanma mərhələsində sahəyə baxış keçirilib. Lakin sonrakı mərhələdə təbii amillər səbəbindən tozlanma zəif gedib və nəticədə məhsuldarlıqda ciddi itki yaranıb.
"Daha sonra sahəyə yenidən baxış keçirilməsi üçün mütəxəssislər çağırıldı. Onlar bildirirdilər ki, məhsul yığımına yaxın vəziyyət bir daha qiymətləndiriləcək. Lakin dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq, bu baş vermədi. Uzun müddət sonra verilən cavab isə ziyanın əhatəsini əks etdirmirdi. Bu, fermerlər arasında narazılıq yaradır", - deyə o qeyd edib.
Nəticədə, fermer bu il meyvəçilik sahəsini sığorta etdirmədiyini bildirib: "Mənim kimi qərar verən çox sayda fermer var. Biz istəyirik ki, bu yeni yaradılmış qurum xüsusilə kiçik fermerlərə qarşı daha həssas və diqqətli yanaşsın. Əsas məsələ səsləndirilən problemlərin dinlənməsi, qanunvericilikdə boşluqların isə aradan qaldırılmasıdır".