Fuad Sadıqov: "Bu il kənd təsərrüfatı məhsullarına 26 milyon manatlıq tam və ya qismən zərər dəyib"

Fuad Sadıqov: "Bu il kənd təsərrüfatı məhsullarına 26 milyon manatlıq tam və ya qismən zərər dəyib"

Aprelin ilk günlərində baş verən təbiət hadisələri Azərbaycanın kənd təsərrüfatına 13 milyon manatlıq ziyan vurub.

"Report" xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.

Onun sözlərinə görə, bu məbləğ yalnız sığortalı fermerlərə dəyən ziyana aiddir: "İlin əvvəlindən isə ümumilikdə 26 milyon manatlıq kənd təsərrüfatı məhsullarına tam və ya qismən zərər dəyib".

F.Sadıqov qeyd edib ki, Azərbaycanda əkin sahələrinin 94 %-i aqrar sığorta xidmətlərinə əlçatandır:

"Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatda olan 1,6 milyon hektar əkin sahəsinin 94 %-i aqrar sığorta xidmətlərinə çıxış imkanına malikdir. Lakin bu, həmin ərazilərin hamısının sığortalandığı anlamına gəlmir".

Onun sözlərinə görə, 2024-cü ildə əkinə yararlı ərazilərin 27 %-i sığortalanıb və bu nəticə 4-5 illik fəaliyyət dövrü üçün uğurlu göstəricidir.

F. Sadıqov bildirib ki, bitkiçilik sahəsində istehsal olunan məhsulların 75 %-i üzrə aqrar sığorta xidmətlərinə əlçatanlıq təmin olunub və ötən il 531 milyon manatlıq məhsul sığortalanıb