Ötən il Azərbaycanın aqrar sektorunda müşahidə olunan artım əsasən sənaye təyinatlı və ixracyönümlü sahələrin inkişafı hesabına baş verib.
"Report" xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib.
Onun sözlərinə görə, cari ildə meyvə və giləmeyvə istehsalı 4,5 %, bostan məhsulları 11,9 %, pambıq istehsalı 11,1 %, şəkər çuğunduru 31,5 %, günəbaxan istehsalı isə 6,6 % artıb.
"Meyvə və giləmeyvə bağlarının ümumi sahəsi 231,5 min hektara çatıb, bu bağların 18 %-i isə intensiv və cərəmi bağlardan ibarətdir. Son beş ildə 30 min hektardan artıq yeni meyvə bağı salınıb".
İ.Qədimova bildirib ki, kənd təsərrüfatı məhsullarının ixracı sahəsində də mühüm irəliləyiş əldə olunub.
"2024-cü ildə kənd təsərrüfatı və ərzaq məhsulları üzrə ixrac həcmi 1,3 milyard ABŞ dolları təşkil edib ki, bu da son beş illə müqayisədə 40 %-dən çox artım deməkdir. Meyvə-tərəvəz məhsullarının dəyər ifadəsində ixracı 2019–2024-cü illər ərzində 16,18 % artıb. Bu dövrdə tumlu meyvə ixracı 65,8 %, çəyirdəkli meyvələr 80,7 %, nar ixracı isə 53,9 % artım nümayiş etdirib. Bundan başqa, üzüm 2,3 dəfə, mandarin 4,6 dəfə, çiyələk 8,3 dəfə, bostan məhsulları 14,4 dəfə və qurudulmuş meyvələrin 7,8 dəfə ixracında da ciddi artım qeydə alınıb".
Nazir müavini bildirib ki, aqrar sektorun inkişaf strategiyası məhsuldarlığın artırılması, intensiv və innovativ təsərrüfatçılığın genişləndirilməsi və dayanıqlı inkişafı təmin edən mexanizmlərin tətbiqinə əsaslanır.
"Bu istiqamətdə prioritetlər müəyyən olunub və dövlət dəstəyi tədbirləri də həmin prioritetlərə uyğun təkmilləşdirilir. Ən mühüm istiqamətlərdən biri müasir suvarma sistemlərinin genişləndirilməsidir. Ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq Şirvan və Qarabağ suvarma kanallarının yenidən qurulması istiqamətində işlər görülür. Milli səviyyədə su ehtiyatlarından səmərəli istifadə strategiyası qəbul olunur, bu sahədə əlaqələndirməni təmin edən komissiya da fəaliyyət göstərir", - o qeyd edib.
İ. Qədimova bildirib ki, su təminatının yaxşılaşdırılması və müasir suvarma sistemlərinin tətbiqi sayəsində artıq 100 min hektardan artıq sahədə bu sistemlər qurulub:
"Bu, xüsusilə taxılçılıq, pambıqçılıq, qarğıdalı və şəkər çuğunduru sahələrində məhsuldarlığın artımına əhəmiyyətli təsir göstərib. Torpaq resurslarının səmərəli istifadəsi də sektorun dayanıqlı inkişafı baxımından prioritet istiqamət kimi qiymətləndirilir. Bu məqsədlə torpaq istifadəçiliyi ilə bağlı konsolidasiya mexanizmi tətbiq olunur, torpaqların məhsuldarlığının artırılması və xəstəliklərə davamlılığın təmin edilməsi istiqamətində tədbirlər görülür".
Nazir müavini əlavə edib ki, iqlim dəyişikliyinə uyğunlaşmanı təmin etmək məqsədilə bu ildən tarla qoruyucu zolaqların salınması üçün yeni subsidiya mexanizmləri tətbiq olunacaq: "Kənd təsərrüfatı məhsullarının saxlanması və emalı üçün tikililərin təşviqi və torpaqların təyinatı ilə bağlı yeni qaydalar da gələn ildən qüvvəyə minəcək".