Latviyalı nazir: "Meşə təsərrüfatının idarə olunması təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq"

Latviyalı nazir: "Meşə təsərrüfatının idarə olunması təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq"

Latviya meşə təsərrüfatının idarə olunması sahəsində zəngin təcrübəyə malikdir və bunu Azərbaycanla bölüşməyə hazırdır.

Bunu "Report"a açıqlamasında Latviyanın kənd təsərrüfatı naziri Armando Krauze bildirib.

Nazir deyib ki, Latviyada kənd təsərrüfatı, balıqçılıq və meşə təsərrüfatı birgə idarə olunur: "Biz son 100 ildə meşə sahələrimizi iki dəfə artırmışıq. Əgər 20-ci əsrin əvvəllərində Latviya ərazisinin 27 %-i meşələrlə örtülü idisə, bu gün bu rəqəm 53 %-ə çatıb. Hesab edirəm ki, Azərbaycanda da, xüsusilə işğaldan azad olunmuş ərazilərdə meşələrin bərpası üçün böyük potensial mövcuddur. Bu, həm ekoloji, həm də iqtisadi baxımdan çox vacibdir. Meşələrin bərpası karbonun tutulması, taxta evlərin, mebellərin və digər davamlı məhsulların istehsalı üçün böyük imkanlar yaradır".

Onun sözlərinə görə, son illər Ukraynada baş verən müharibə və Rusiyadan ərazisində logistika problemləri səbəbindən ölkələrimiz arasındakı ticarət dövriyyəsində azalma müşahidə olunur: " Bu, məni kədərləndirir, çünki Azərbaycan məhsullarını çox bəyənirəm. Latviya mağazalarında rast gəldiyimiz məhsulların əksəriyyəti digər Avropa ölkələrindən – İtaliya, İspaniya və s. gətirilir. Mən çox istərdim ki, Azərbaycan istehsalçıları da Latviya bazarında geniş təmsil olunsun. Latviyanın da özünəməxsus keyfiyyətli məhsulları var. Qarşılıqlı maraq əməkdaşlıq və ticarət dövriyyəsini artırmaq üçün geniş imkanlar yaradır".

A. Krauze onu da qeyd edib ki, kənd təsərrüfatı sahəsində yeni texnologiyaların, innovasiyaların və İT həllərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır: "Bütün dünyada, o cümlədən Avropada və Azərbaycanda da kənd təsərrüfatına gənc nəslin marağını artırmaq böyük problemdir. Gənclər daha çox şəhər həyatını seçirlər. Lakin müasir texnologiyaların tətbiqi bu tendensiyanı dəyişə bilər. Məsələn, Latviyada bir südçülük təsərrüfatında ənənəvi üsullarla süd sağmaq gənclərin marağına səbəb olmur. Amma həmin təsərrüfatda sağım robotları, inəklərin yemlənməsini və məhsuldarlığını izləyən kompüterlər tətbiq olunduqda, gənclər bunu maraqlı, cazibədar hesab edirlər. Bu yanaşma yalnız südçülükdə deyil, bütün kənd təsərrüfatı sahələrində – istər taxılçılıqda, istərsə də digər sahələrdə tətbiq oluna bilər".

Onun sözlərinə görə, Azərbaycan Latviya arasında kənd və meşə təsərrüfatı sahəsində sənədlər imzalana bilər. Nazir həmçinin vurğulayıb ki, universitetlərimiz və elmi tədqiqat institutlarımız arasında əməkdaşlığın genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır: "İqlim şəraiti fərqli olsa da, idarəetmə, elmi-texniki yeniliklər və məsləhət xidmətləri sahəsində təcrübə mübadiləsi sərhəd tanımır".