Muhammad Nasar: "İqlim dəyişikliyi və torpaq sağlamlığı FAO-nun Azərbaycandakı prioritetlərindədir"

Muhammad Nasar: "İqlim dəyişikliyi və torpaq sağlamlığı FAO-nun Azərbaycandakı prioritetlərindədir"

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda həyata keçirdiyi layihələrin əsas hədəfi iqlim dəyişikliyinin təsirlərinin azaldılmasıdır.

Bunu "Report"a FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar bildirib.

Onun sözlərinə görə, Azərbaycan iqlim dəyişikliyindən əziyyət çəkən ölkələrdən biridir: "Eyni zamanda, torpaqların sağlamlığının yaxşılaşdırılması da əsas prioritetlərdəndir. Bu səbəbdən FAO olaraq iqlim dəyişikliyinə uyğunlaşmanı dəstəkləyən layihələr həyata keçiririk".

M. Nasar vurğulayıb ki, Azərbaycan eyni zamanda zəngin bioloji müxtəlifliyə malik ölkədir və bu sahədə də FAO-nun fəal rolu var: "Biz milli parklarla əməkdaşlıq edərək bioloji müxtəlifliyin qorunmasına dəstək veririk. Həmçinin, Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əməkdaşlıq quraraq onların siyasətlərinin təkmilləşdirilməsinə, institusional potensialının artırılmasına və lazım olduqda texniki dəstəyin göstərilməsinə töhfə veririk".

O qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatı sahəsi getdikcə daha çox diqqət mərkəzinə çevrilir:

"Azərbaycan tarixi olaraq neft və qaz sektoruna fokuslanan ölkə olub və bu sahənin rolu böyükdür. Lakin mənim fikrimcə, ölkənin gələcək inkişaf yolu dayanıqlılıqdan keçir. Bu baxımdan kənd təsərrüfatı strateji əhəmiyyət daşıyır və hökumət bu sahə üçün konkret məqsəd və hədəflər müəyyənləşdirib".

FAO rəsmisi əlavə edib ki, təşkilat ilə Azərbaycan arasında münasibətlər tərəfdaşlıq ruhunda qurulub: "Azərbaycandakı ofisimiz "tərəfdaşlıq və əlaqələndirmə ofisi" adlanır. Bu, FAO-nun bir çox ölkələrdəki ənənəvi nümayəndəliklərindən fərqli olaraq, xüsusi statuslu bir əməkdaşlıq modelidir. Biz Kənd Təsərrüfatı Nazirliyi, digər dövlət qurumları, icmalar, fermerlər və kənd əhalisi ilə sıx əməkdaşlıq şəraitində layihələr həyata keçiririk".