Naxçıvan Muxtar Respublikasında taxıl biçininə start verilib.
"Report"un yerli bürosu xəbər verir ki, bu gün Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Babək rayonunun Yuxarı Uzunoba kəndində fermer təsərrüfatında olub, biçin kampaniyasının gedişi ilə maraqlanıb.
Muxtar Respublikanın kənd təsərrüfatı naziri Rafail Quliyev bildirib ki, bu il Naxçıvanda 17 582,6 hektar sahədə taxıl, o cümlədən 8 275,7 hektar sahədə buğda, 9 306,9 hektar sahədə arpa əkilib.
Bu günə qədər 2 423,3 hektar sahədə biçin aparılıb. Ən yüksək məhsuldarlıq 31,2 sentner olmaqla Şərur rayonunda qeydə alınıb. Ən çox əkin sahəsi isə Babək rayonunun payına düşür. Rayonda 2 163,5 hektarı buğda, 2 986,1 hektarı arpa olmaqla, ümumilikdə, 5 149,6 hektar sahədə əkin aparılıb. Hazırda rayonda 618,9 hektar sahədə biçin başa çatıb.
Taxıl biçininin effektiv təşkili üçün Nazirliyin nəzdində Mərkəzi Qərargah yaradılıb, texnika və avtomobillər hazır vəziyyətə gətirilib, 77 kombayn işə cəlb olunub.