Son illər Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilib, dövlət dəstək mexanizmləri gücləndirilib, fermerlərin texnologiya və maliyyə resurslarına çıxışı asanlaşdırılıb.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Bakı Ekspo Mərkəzində Xəzər regionunun ən böyük 18-ci Azarbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") va 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan") sərgilərinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, "Caspian Agro" və bu il yubileyini qeyd edən "InterFood Azerbaijan" sərgiləri artıq illərdir kənd təsərrüfatı və qida sənayesində yerli və xarici şirkətlərin innovativ həllərini, yeni texnologiyalarını təqdim etdiyi mühüm platformalardan biri kimi çıxış edir: "Bu sərgi fermerlər, sahibkarlar, investorlar və mütəxəssislər üçün kənd təsərrüfatı və qida sənayesinin aktual məsələləri barədə fikir mübadiləsi aparmaq, biznes əlaqələri qurmaq və müasir innovasiyalarla tanış olmaq imkanı yaradır. Fermerlərimizin müasir kənd təsərrüfatı texnikası, dəqiq əkinçilik sistemləri, rəqəmsal idarəetmə vasitələri və ekoloji təmiz istehsal texnologiyaları ilə tanış olması üçün imkanlar yaradılıb".
O qeyd edib ki, bu il sərgidə süni intellektin tətbiqinə əsaslanan yeni həllər, ağıllı idarəetmə sisteminə əsaslanan avtomatlaşdırılmış texnologiyalar, enerji və resursqoruyucu texnologiyalar, alternativ enerji mənbələrindən istifadə edən avadanlıqlar, iqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı məhsulları və dayanıqlı təsərrüfatçılıq həlləri xüsusi vurğulanır: "İqlim dəyişikliklərinin təsirlərini azaltmaq, torpaq və su ehtiyatlarından səmərəli istifadəni genişləndirmək və kənd təsərrüfatını daha ekoloji və səmərəli hala gətirmək üçün biz innovativ yanaşmalar tətbiq edir. Daha çox rəqəmsal həllərin tətbiqi, elektron kənd təsərrüfatı platformalarının genişləndirilməsi, aqrar sahədə çalışan sahibkarlar üçün maliyyə və sığorta alətlərinin əlçatanlığının artırılması da bu sahədə əsas hədəflərdəndir. Ölkəmizdə yeni bitki sortlarının və heyvandarlıqda məhsuldar cinslərin tətbiqi, müasir texnologiyalar əsasında təsərrüfat modellərinin formalaşdırılması və istehsal proseslərinin avtomatlaşdırılması aqrar sektorun inkişafına müsbət təsir göstərəcəyinə inanırıq".