Simone Şiller: "Azərbaycanda sağlam qida təminatı üçün laboratoriya və test sistemləri vacibdir" - EKSKLÜZİV

Simone Şiller: "Azərbaycanda sağlam qida təminatı üçün laboratoriya və test sistemləri vacibdir" - EKSKLÜZİV

Azərbaycanda ərzaq keyfiyyətinin və qida təhlükəsizliyinin inkişafı, xüsusilə də ərzaq təhlükəsizliyinin təmin olunması və yerli qida istehsalının təşviqi baxımından dəstəklənməsi olduqca vacibdir.

Bunu "Report"a açıqlamasında Almaniyanın Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin nümayəndəsi Simone Şiller bildirib.

O qeyd edib ki, bu məqsədlə Azərbaycanda müasir test sistemlərinin tətbiqi, baytarlıq sektorunun gücləndirilməsi və analitik laboratoriyaların yaradılması ölkə əhalisinin təhlükəsiz və sağlam qida ilə təmin olunmasında mühüm rol oynayır.

S. Şillerin sözlərinə görə, Almaniya bu il Bakıda keçirilən "Caspian Agro" və "InterFood Azerbaijan" sərgilərində pavilyon formatında təmsil olunur:
"Almaniyadan 8 şirkət sərgidə iştirak edir. Bu şirkətlər kənd təsərrüfatı texnologiyaları, məhsulların saxlanması və heyvandarlıq sahələri üzrə ixtisaslaşıblar. Onlardan bəziləri artıq Azərbaycan bazarında fəaliyyət göstərir və əməkdaşlığını genişləndirmək niyyətindədir. Digərləri isə potensial tərəfdaşlar axtarırlar".

Qeyd edək ki, bu ilki sərgilərdə 30-dan artıq ölkədən 450-yə yaxın şirkət iştirak edir. Coğrafiya baxımından tədbirlərdə Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kanada, Latviya, Misir, Niderland, Özbəkistan, Qazaxıstan, Rusiya, Serbiya, Şri Lanka, Türkiyə, Türkmənistan və Yunanıstan iştirak edir.

Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri Lanka və ilk dəfə olaraq Misir sərgilərdə milli qruplar şəklində təmsil olunur.