Bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında sazişin müxtəlif ölkələrlə imzalanması Azərbaycanın kənd təsərrüfatı sahəsində məhsullarının ixracını asanlaşdıracaq.
"Report" xəbər verir ki, bunu deputat Tahir Rzayev Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə" qanun layihəsi Azərbaycan-Pakistan arasında münasibətlərdən qaynaqlanır: "Saziş 2025-ci ilin fevralında Pakistanın Lahor şəhərində imzalanıb. Bu, layihə qardaşlıq əlaqələrinin ifadəsidir. Bu sənəd məhsullarımızın xarici bazarlara çıxışını asanlaşdıracaq. Həm də ölkəyə idxal olunan məhsullarla bağlı bu sahədə effektiv mexanizm yaradacaq".
T. Rzayev xatırladıb ki, 13 maddədən ibarət saziş 5 il müddətinə imzalanıb: "Bu saziş əməkdaşlıqda yeni zəmindir. Belə sazişlər Azərbaycanın kənd təsərrüfatı sahəsində ixracında da yeni stimullar, imkanlar yaradır".