Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə "Xanımların əl işləri" adlı festival keçirilib.
Tədbir universitet rəhbərliyinin təşəbbüsü və Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi ilə baş tutub. Festivalda universitetin müxtəlif fakültələrinin nümayəndələri iştirak edərək öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdiriblər.
Tədbir çərçivəsində xanım iştirakçılar salat hazırlama, rəsm çəkmə və ilməylə hörmə kimi müxtəlif əl işlərini sərgiləyiblər. Hər bir fakültə öz yaradıcı yanaşmasını ortaya qoyaraq maraqlı və estetik baxımdan cəlbedici əl işləri təqdim edib. Festivalın əsas məqsədi universitetdə fəaliyyət göstərən xanım əməkdaşların elmi-pedaqoji fəaliyyətləri ilə yanaşı, onların yaradıcı potensialını və sənətkarlıq bacarıqlarını üzə çıxarmaq, onların əl işlərinə diqqət yönəltmək və əməklərini dəyərləndirmək olub.
Tədbir bayram əhval-ruhiyyəsi ilə keçib, iştirakçılar arasında dostluq və həmrəylik mühiti formalaşıb. Festivalın sonunda münsiflər heyəti tərəfindən təqdim edilən əl işləri qiymətləndirilib və iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.
Tədbir universitetdə çalışan xanımlara həm mənəvi dəstək, həm də onların yaradıcı fəaliyyətinə stimul vermək baxımından mühüm əhəmiyyət kəsb edib.