Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Elmi Şurasının növbəti iclası keçirilib.
İclasda əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin müdiri, akademik Fuad Əliyevin 75 illik yubileyi qeyd olunub.
Universitetin rektoru Zəfər Qurbanov yubilyarı təbrik edərək, elmin inkişafında göstərdiyi xidmətlərə görə alimə təşəkkür edib. Daha sonra akademikin elmi fəaliyyət və xidmətləri barədə Elmi katib Səbuhi Məmmədov məlumat verib. Akademik Fuad Əliyev çıxış edərək kollektivə və rəhbərliyə göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Sonra Elmi Şura öz işinə başlayıb. Gündəlik məsələlərə əsasən Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik ili" elan edilməsi haqqında Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı səsləndirilib və Sərəncamın icrası ilə bağlı ADAU-nun tədbirlər planı təsdiq olunub. Həmçinin, cari məsələlərdə Universitetin 5 nəfər əməkdaşının yubileyləri qeyd olunub.
Sonda Aqrokimya və torpaqşünaslıq kafedrasının əməkdaşı Gülnar Hacıyeva və İctimai fənlər kafedrasının əməkdaşı Zümrüd Qəhrəmanovaya fəlsəfə doktoru elmi dərəcəsi almaları münasibətilə xatirə hədiyyəsi və gül dəstəsi təqdim olunub.