BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəsi Nasar Hayat və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib.
Qonaqlarla görüşən Universitetin rektoru Zəfər Qurbanov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 80 illiyi münasibəti ilə onları təbrik edib və uzun müddətli səmərəli əməkdaşlığın davamlı olmasını arzuladığını diqqətə çatdırıb.
FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat FAO ilə ADAU arasında əməkdaşlığı ən yüksək səviyyəyə çatdırmağın strateji hədəfləri olduğunu deyib: "Dünyanın əksər ölkələrində gəncləri kənd təsərrüfatına cəlb etmək olduqca çətindir. Ancaq sevindirici haldır ki, bugün biz Azərbaycanda xüsusilə Aqrar Universitetdə gənclərin kənd təsərrüfatı ixtisaslarına və bu sahəyə olduqca maraqlı olduğunu görürük".
Görüşdən sonra Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 80 illiyinə həsr olunmuş "Davamlı İnkişaf üçün Kənd Təsərrüfatı Kooperativlərinin Gücləndirilməsi" mövzusunda forum təşkil olunub.
Forumda çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov korporativlərin müasir iqtisadiyyatın əsas aparıcı qüvvələrindən biri olduğunu, eyni zamanda ölkəmizdə son illərdə iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində korporativlərin qurulması və effektiv idarə olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Əlavə olaraq FAO-nun 80 illik yubileyi münasibətilə, təşkilatın bütün əməkdaşlarını və tərəfdaşlarını təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin müdiri Leyli Ağayevaya Azərbaycanda korporativlərin mövcud vəziyyəti, bu istiqamətdə görülən işlər və qarşılaşdıqları çətinliklər barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Nasar Hayat öz çıxışında FAO-nun dünyada və Azərbaycanda kənd təsərrüfatı istiqamətində gördüyü işlər barədə eləcə də korporativlərin kənd təsərrüfatının və regionların inkişafında çox önəmli rol oynadığını diqqətə çatdırıb.
Çıxışların ardından forum iki panel ilə davam edib. "Türkiyənin Uğurlu Kooperativ Modelləri" adlı I paneldə "S.S. Gönen Merkez Tuzakçı Hasanbey Kənd Təsərrüfatının İnkişafı Kooperativi"nin Sədri Berrin Var və korporativin digər üzvləri Türkiyənin kənd təsərrüfatı kooperativlərinin uğur hekayələri və qazandıqları təcrübələr haqqında məlumat veriblər.
"İnkişaf Etmiş Azərbaycan Kooperativləri" adlı II paneldə isə "Qərb Yenilikləri" Kooperativindən Taliyə Məsumova, "Eco-Süd" Kooperativindən Məhəmməd Bayramov və "Qızıl Alma" Kooperativindən Əli Məmmədov Azərbaycanın uğurlu kooperativlərinin nümayəndələri olaraq öz təcrübələri və qarşıdakı perspektivlərdən bəhs ediblər.