Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən ADAU-nun tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova narkomaniyanın cəmiyyət üçün yaratdığı ciddi təhlükələrdən və onun insan sağlamlığına vurduğu ağır zərərlərdən danışıb. O, gənclərin sağlam həyat tərzini seçməsinin vacibliyini və milli-mənəvi dəyərlərə bağlılığın bu istiqamətdə mühüm rol oynadığını qeyd edib.
Daha sonra Gəncə şəhər Baş Polis İdarəsinin Narkomaniya ilə Mübarizə İdarəsinin rəisi, mayor Rəşad Musayev ölkəmizdə narkomaniyaya qarşı aparılan mütəmadi maarifləndirmə və profilaktik tədbirlərdən bəhs edərək, narkotiklərin insan həyatına, sosial rifaha və cəmiyyətə vurduğu fəsadlara toxunub.
Tədbir zamanı iştirakçılara narkomaniyanın zərərləri ilə bağlı maarifləndirici videoçarx nümayiş olunub.
Həmçinin, müəllim və tələbələr mövzu ətrafında müzakirələr aparıb, sağlam həyat tərzinin təbliğinə dair öz fikirlərini bölüşüblər.
Sonda suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Dayanıqlı İnkişaf Məqsədlərinin 3: Yaxşı Səhiyyə və Rifah ilə uyğunlaşdırılmışdır. Narkomaniya ilə mübarizə və narkomaniyanın təhlükələri haqqında məlumatlılığın artırılması tələbələrin və daha geniş ictimaiyyətin fiziki və psixi sağlamlığının qorunmasına töhfə verir.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ