Aqrar iqtisadiyyat və Mühəndislik fakültələrində Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbirlər keçirilib

Aqrar iqtisadiyyat və Mühəndislik fakültələrində Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbirlər keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar iqtisadiyyat və Mühəndislik fakültələrində 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbirlər keçirilib.

Aqrar iqtisadiyyat fakültəsində keçirilən “Müstəqil Azərbaycan dövləti ən böyük sərvətimizdir” adlı elmi-nəzəri konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Universitetin Tədris işləri üzrə prorektoru Əhməd Məlikov Azərbaycan xalqının müstəqillik uğrunda şərəfli mübarizə tarixi barədə iştirakçılara ətraflı məlumat verib. O deyib ki, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Dövlətçilik tariximizin köklərinə nəzər salan kafedra müdiri Elgün Aslanov və İctimai fənlər kafedrasının dosenti Samirə Qasımova müstəqilliyin hər bir vətəndaş üçün əvəzedilməz nemət olduğunu bildiriblər.

I kurs tələbələri Rahil Məmmədov “Azərbaycan”, Zülfiyyə Vəliyeva “Yaşa, var ol hər zaman, Azərbaycanım!” şeirlərini səsləndiriblər.

Daha sonra Müstəqilliyin Bərpası Gününə həsr olunan növbəti tədbir Mühəndislik fakültəsində baş tutub.

Tədbirdə çıxış edən fakültə dekanı Təvəkgül İslamov, kafedra müdiri Ziyad Abbasov, professor Qurban Əliyev və digərləri Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda edən şəhidləri yad edərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında təcavüzkar Ermənistan ordusu üzərində tarixi Zəfər qazanan şanlı Azərbaycan Ordusunun bütün şəhidlərin və günahsız qurbanların qisasını aldığını, bu tarixi zəfərin Azərbaycan xalqının son iki yüz illik tarixində ən böyük qələbəsi olduğunu, Qarabağın düşməndən azad edilməsi ilə Vətən tarixinin ən şanlı səhifəsinin yazıldığını bildiriblər.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ