AQTA rəsmisi: "Son illərdə pestisid idxalında sistemsizlik müşahidə olunur"

AQTA rəsmisi: "Son illərdə pestisid idxalında sistemsizlik müşahidə olunur"

Azərbaycanda son illərdə pestisidlərin idxalı və istifadəsində sistemsizlik halları artıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndəsi Elxan Mikayılov "Bitki sağlamlığı haqqında" yeni qanun layihəsinin Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyasında ictimai müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün zərərvericilərlə mübarizə metodları həm effektiv, həm də ekoloji cəhətdən təhlükəsiz olmalıdır:

"Pestisidlər təyinatına uyğun istifadə edilməli, normadan artıq gətirilməməlidir. Təəssüf ki, bəzi hallarda bu qaydalara əməl edilmir. Nəticədə istifadə müddəti bitmiş və satışa yararsız pestisid ehtiyatları yaranır ki, bu da utilizasiya ilə bağlı ciddi problemlərə səbəb olur. Bu cür hallar təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə müşahidə olunur".

E.Mikayılov qeyd edib ki, zərərvericilərlə mübarizə zəruridir, lakin bu proses müvafiq elmi əsaslar və reqlamentlərə uyğun şəkildə aparılmalıdır:

"Əsas məqsəd pestisidlərin bitki məhsullarında qalıq miqdarının yaranmasının qarşısını almaqdır. Hazırda bu istiqamətdə geniş narahatlıq olmasa da, bəzi təsərrüfatlarda eyni növ pestisidlərin təkrar istifadəsi gələcəkdə problemlər yarada bilər. Ona görə də bu sahədə elə bir normativ baza formalaşdırılmalıdır ki, sahibkarların işi asanlaşsın, həm də təhlükəsizlik qorunsun".

Yeni "Bitki sağlamlığı haqqında" qanun layihəsində pestisidlərin və digər bitki mühafizə vasitələrinin dövlət qeydiyyatı ilə bağlı yeni tələblər müəyyən olunub. Qeydiyyat zamanı bu vasitələrin bioloji, gigiyenik-toksikoloji, ekotoksikoloji və ekoloji təsirləri qiymətləndiriləcək və istifadə qaydaları hazırlanacaq.

E.Mikayılovun sözlərinə görə, Azərbaycanda bu vasitələrin istehsalına, idxalına və istifadəsinə yalnız dövlət qeydiyyatından sonra icazə veriləcək:

"Tərkibində aktiv maddələr, sinergistlər və neytrallaşdırıcılar olan pestisidlər yalnız onların istifadəsinə icazə verilmiş maddələrin siyahısında yer aldığı halda qeydiyyata alınacaq. Eyni zamanda, qadağan olunmuş maddələrin istifadəsi qəti şəkildə yolverilməzdir".

AQTA rəsmisi bildirib ki, əvvəlki illərdə pestisid və aqrokimyəvi maddələrin qeydiyyatı eyni prosedurla həyata keçirilirdi. Onun sözlərinə görə, yeni qanun layihəsi isə bu yanaşmanı dəyişdirir. Artıq aqrokimyəvi maddələrin qeydiyyatı pestisidlərdən fərqli formada aparılacaq. Bu dəyişiklik onların yaratdığı risklərin təbiətcə fərqli olması ilə əsaslandırılır.

"Pestisidlərin qeydiyyatında həm təhlükəsizlik, həm də effektivlik nəzərə alınır. Halbuki, gübrələrdə əsas diqqət onların faydalılığına yönəlir. Gübrələr yalnız xüsusi hallarda - məsələn, partlayıcı tərkibli olduqda -təhlükəsizlik baxımından qiymətləndirilir", - deyə E.Mikayılov əlavə edib.

O, aqrokimyəvi maddələrin qeydiyyatının bir neçə mərhələdə (sənəd ekspertizası, laboratoriya sınaqları, partlayış testləri və dəmərəlilik sınaqları) aparıldığını bildirib. Belə ki, təqdim edilən sənədlərin tamlığı və düzgünlüyü yoxlanılır, maddənin tərkibi və keyfiyyəti müvafiq laboratoriyalarda test edilir, azot tərkibli gübrələr üçün təhlükəsizlik sınaqları aparılır (xüsusilə 28 %-dən çox azot olan ammonium nitrat gübrələr üçün) və mikrobioloji tərkibli maddələr üçün əlavə testlər keçirilir.

Partlayıcı və mikrobioloji tərkibli maddələrin qeydiyyatı yalnız Ekspert Şurasının müsbət rəyi əsasında həyata keçirilir.