2025-ci il Azərbaycanda balıqçılıq və akvakultura sahəsi üçün əlamətdar olacaq.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlı Bakıda keçirilən II Beynəlxalq Aqrar İnnovasiya Forumunda deyib.
Onun sözlərinə görə, 2024-cü ilin sonunda Prezident İlham Əliyevin fərmanı ilə balıqçılıq sahəsində yeni bir mərkəz yaradılıb ki, bu da özəl sektorun inkişafında yeni mərhələnin başlanğıcı hesab olunur:
"Bu təşəbbüs ölkəmizdə balıqçılıq və akvakultura sahələrinin daha sistemli və dayanıqlı şəkildə inkişafına imkan verəcək. İnanırıq ki, bu addım özəl sektor üçün yeni imkanların açılmasına təkan verəcək".
Z. Salmanlı qeyd edib ki, Azərbaycan su ehtiyatları baxımından məhdud resurslara malikdir: "Bu səbəbdən həm dövlət, həm də özəl sektor qarşısında ciddi məsuliyyətlər dayanır. Su ehtiyatlarının səmərəli idarə olunması, su hövzələrinin çirklənmədən qorunması və gələcək nəsillər üçün saxlanılması ölkə üçün prioritet istiqamətlərdəndir. Bu məsələdə ictimai və özəl sektorların birgə əməkdaşlığı zəruridir".