Azərbaycanın müxtəlif regionlarından, Naxçıvan, o cümlədən azad edilmiş ərazilərdə fəaliyyət göstərən fermerlərin "Caspian Agro" və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgilərinə səfərləri təşkil ediləcək.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Toğrul Qafarbəyli sərgilərin açılışı ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, fermerlərin sərgiyə səfərləri nəticəsində təcrübə mübadiləsi təşviq olunur ki, bu da öz növbəsində istehsalın keyfiyyətinin yüksəldilməsinə və kənd yerlərində yaşayış şəraitinin yaxşılaşdırılmasına töhfə verir.
"Caspian Event Organizers" in nümayəndəsi Zarina Məmmədova deyib ki, uzun illərdir ki, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sərgiləri fəal şəkildə dəstəkləyir və kiçik və orta sahibkarların tədbirlərdə iştirak etməsi üçün stendlər təşkil edir: "Bu əməkdaşlıq məhsuldar xarakter daşıyır. Belə ki, hər il bu şirkətlər sərgilərdə iştirak edərək bazardakı yeniliklərlə tanış olur, sahənin aparıcı liderləri ilə əlaqələr qurur və inkişaf edirlər. 2025-ci ildən etibarən "Caspian Event Organisers" və "Iteca Caspian" şirkətləri KOBİA ilə yeni istiqamətdə əməkdaşlığı genişləndirir. Belə ki, regionlardan olan KOB-ların Bakıda keçirilən beynəlxalq sərgilərə cəlb olunmasına başlanılır. KOBİA-nın dəstəyi ilə ölkənin müxtəlif regionlarından KOB-lar üçün bütün sərgilərdə iştirak məqsədilə turlar təşkil ediləcək. Bu təşəbbüs KOB-ların inkişafına, böyük biznes icmasına inteqrasiyasına, yeni tərəfdaşlıqların qurulmasına, sahə üzrə yeniliklərlə tanış olmasına və innovasiyaların tətbiqinə töhfə verəcək".
Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiyasiyasının icraçı direktoru Fərhad Aşurbəyli isə deyib ki, artıq uzun illərdir ki, "InterFood Azerbaijan" sərgisi ənənəvi "Qızıl Şah-2025" Beynəlxalq Kulinariya Çempionatına ev sahibliyi edir: "Sayca 5-ci olan bu çempionatın təşkilatçısı Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasıdır. "Qızıl Şah" çempionatı Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyi ("Worldchefs") tərəfindən lisenziyalaşdırılıb və beynəlxalq norma və qaydalara uyğun şəkildə keçirilir. 2024-cü ildən etibarən "Qızıl Şah" çempionatı beynəlxalq komandaları qəbul etmək hüququ qazanıb və "Worldchefs"in Kontinental Çempionatı statusunu əldə edib".
O bildirib ki, çempionat çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Malayziya, Rusiya, Sinqapur, Türkiyə və Özbəkistanı təmsil edən 8 beynəlxalq komandanın iştirakı nəzərdə tutulur: "Eyni zamanda, 30-dan çox yerli komanda yarışacaq və 300-dən çox aşpaz fərdi iştirakçı kimi 10-dan artıq kateqoriya üzrə mübarizə aparacaq. Çempionatın münsiflər heyəti 16 ölkədən olan "Worldchefs" tərəfindən lisenziyalaşdırılmış beynəlxalq hakim-aşpazlardan ibarət olacaq. Uzunmüddətli əməkdaşlığın gücləndirilməsi məqsədilə cari ilin aprel ayında "Caspian Event Organisers" şirkəti ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu sənədə əsasən "InterFood Azerbaijan" sərgisi ilə "Qızıl Şah" Milli Kulinariya Çempionatı arasında əməkdaşlıq 3 il müddətinə uzadılıb. Eyni zamanda, xeyriyyə fəaliyyəti sahəsində də razılaşma əldə olunub. Bu razılaşmaya əsasən "Caspian Event Organisers" şirkətinin təşəbbüsü ilə "Damla" xeyriyyə cəmiyyətindən kulinariya sahəsinə maraq göstərən və istedadlı 2 gənc Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının təşkil etdiyi kurslara qatılacaq. Onlar 6 ay ərzində Bakı şəhərində fəaliyyət göstərən tanınmış aşpazlardan kulinariya sənətinin sirlərini öyrənəcək, təcrübə toplayacaq və təlimin sonunda müvafiq sertifikat əldə edəcəklər".