FAO "yaşıl kənd təsərrüfatı"na keçid üçün əsas tövsiyələrini açıqlayıb

FAO "yaşıl kənd təsərrüfatı"na keçid üçün əsas tövsiyələrini açıqlayıb

"Yaşıl kənd təsərrüfatı"na keçid üçün ətraf mühitə zərər verən büdcə dəstəklərinin azaldılması, ətraf mühitə uyğun tədbirlər görülməsi məqsədilə bəzi büdcə dəstəklərinin yenidən istiqamətləndirilməsi, ölkənin aqro-iqlim şəraitinin nəzərə alınması, ətraf mühitə dair şərtlərin tətbiqi vacibdir və bunlar, fermerlərin "yaşıl" istiqamətdə irəliləməsinə yardım edəcək.

"Report" xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndəsi Dmitry Zvyagintsev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.

"Bununla yanaşı, tədqiqat və inkişaf sahəsinə investisiyaların qoyulması vacibdir, çünki biz fermerlərin davamlı torpaq idarəçiliyi üzrə təcrübələri öyrənməsini, iqlimə davamlı toxum və heyvan cinslərini müəyyən etməsini istəyirik. Sonda, lakin az əhəmiyyətli olmayan məsələ isə istehlakçı yönümlü tədbirlərdir. Davamlı qidalanma seçimlərinin təşviqi vacibdir – bu seçimlər pərakəndə satış yerlərində edilir və fermer üçün hansı məhsulun istehsal olunmasını, hansının isə istehsal olunmamasını müəyyən edir. Bundan əlavə, ərzaq itkisi və israfına qarşı tədbirlər görülməsini də tövsiyyə edirik", - deyə o qeyd edib.

FAO rəsmisinin sözlərinə görə, aqro sistemlər cəmiyyət üçün böyük faydalar yaradır, lakin mənfi təsirləri də mövcuddur: "Ətraf mühit baxımından mənfi təsirlər su, torpaq, azot və iqlimlə bağlıdır. FAO-nun hesablamalarına əsasən, hər il qida sistemlərinin yaratdığı ümumi "gizli xərclər" təxminən 10 trilyon ABŞ dolları təşkil edir. Bizim region isə təxminən 3 trilyon ABŞ dolları töhfə verir və xərclərin kateqoriyalar üzrə paylanması region ölkələri arasında oxşardır. Bölgəmizdə ən yüksək "gizli xərclər" sağlam olmayan qidalanma vərdişləri ilə əlaqəlidir, bundan sonra isə iqlim, su, torpaq və azotla bağlı ətraf mühit xərcləri gəlir. Ümid edirik ki, bu məlumatlar sizə nazirlik səviyyəsindəki müzakirələrdə büdcə dəstəyinin istiqamətləndirilməsində və fermerlərə "yaşıl keçid" üçün dəstək verilməsində faydalı olacaq".