“Forbes”: Azərbaycan şərabçılıqda keyfiyyət və unikallığa üstünlük verir

“Forbes”: Azərbaycan şərabçılıqda keyfiyyət və unikallığa üstünlük verir

Dünyaca məşhur "Forbes" və "Decanter" jurnalları Azərbaycanda şərabçılıq fəaliyyətinin və mədəniyyətinin dirçəlişi və inkişafına həsr olunmuş məqalələr dərc ediblər.

"Report" xəbər verir ki, "Azərbaycan öz şərablarını fərqləndirməyə çalışır" ("Azerbaijan Angles To Distinguish Its Wines") adlı materialda ölkənin dünya şərabçılıq arenasında layiqli yer tutmaq üçün güclənən səyləri vurğulanır. Bu səylərdə əsas diqqət kəmiyyətə deyil, məhz keyfiyyətə yönəldilir.

Məqalənin müəllifi qeyd edib ki, ötən əsrin 80-ci illərinin ortalarından sonra Azərbaycanda şərabçılığa bir müddət maraq azaldı. Lakin SSRİ-nin dağılmasından sonra bir neçə il sonra ölkə yeni enerji və ambisiyalarla bu sektorun inkişafına qayıdıb.

"Təxminən 2000-ci illərdən etibarən Azərbaycanda şərabçılıq fəal şəkildə dirçəlməyə başlayıb. Bu zaman əsas diqqət istehsal həcminə deyil, məhsulun keyfiyyətinə yönəldilib. 2017-ci ilə qədər hər il 2 000 hektara qədər yeni üzüm bağları salınıb, 2018-ci ildə isə peşəkar sommelyelərin hazırlanması üçün Bakı Şərab Məktəbi təsis edilib", - "Forbes"in məqaləsində vurğulanıb.

Qeyd olunub ki, hazırda Azərbaycanda üç kateqoriya üzüm növlərinin birləşməsi yetişdirilir: beynəlxalq (qırmızı "Pinot Noir" və ağ "Viognier"), Azərbaycanın yerli sortları (qırmızı "Mədrəsə" və ağ "Bayan Şirə"), həmçinin Qafqazın ənənəvi sortları - məsələn, Gürcüstandan gələn qırmızı "Saperavi" və ağ "Rkatsiteli".

Məqalənin müəllifi şərabçılıq potensialı ilə tanınan regionlardan bəhs edərkən Bakı-Abşeron, Xəzər sahili, Şirvan və Qafqaz dağətəyi, həmçinin Gəncə-Qazax, Naxçıvan və Lənkəran-Astara zonalarını vurğulayır.

"Forbes" öz reportajında ölkənin iqliminə xüsusi diqqət yetirir, üzüm yetişdirmək üçün şəraiti İtaliyanın aparıcı şərabçılıq regionları - Siciliya və Toskana ilə müqayisə edir:

"Xəzər dənizi və Qafqaz dağları arasında yerləşən Azərbaycanda az yağışlı, isti Aralıq dənizi iqlimi mövcuddur. Torpaq tərkibi əhəng daşı altında yerləşən mavi gildən ibarətdir, üzüm tənəkləri ildə təxminən 300 millimetr yağıntı alır. Bu, Toskanada yağan yağıntının üçdə biri və ya Siciliya adasında yağan yağıntının yarısı qədərdir".

Azərbaycanda şərabçılıq sənətinin zənginliyini və xüsusiyyətlərini hərtərəfli öyrənmək üçün materialda yerli ekspertlərin və şərab istehsalçılarının fikirləri də təqdim edilib. Jurnalın həmsöhbətlərindən biri 15 ildir Azərbaycanda yaşayan toskanalı şərab istehsalçısı Marko Katelani olub.

"Biz (Katelani və onun tərəfdaşları) yerli Qafqaz növlərinə və Azərbaycan özünəməxsus xüsusiyyətlərinin tanıdılmasına diqqət yetiririk. "Mədrəsə" və "Bayan Şirə" vasitəsilə mən Azərbaycan üçün autentik materialı təşviq edirəm. İndi insanlar yerli növlərlə daha çox qürur duyurlar", - sahibkar "Forbes"ə müsahibəsində bildirib.

Reportajda qeyd olunub ki, Azərbaycan təkcə şərab məhsullarının istehsalını artırmır, həm də ölkədə bu sahənin turizmini fəal şəkildə təşviq edir.

"Yerli və regional üzüm növləri unikal dad profilləri təqdim edir. Bu da şərab istehsalçısının kimliyini müəyyən etməyə kömək edə bilər. Onların unikal dadları həmçinin Azərbaycanın zəngin mətbəxi ilə yaxşı uyğunlaşır", - materialda vurğulanıb.

Şərab haqqında ixtisaslaşmış jurnal olan "Decanter" isə yazıb ki, Azərbaycanda şərabçılıq əsasən Şirvanın mənzərəli, isti, yüksək dağlıq bölgələrində və Qafqaz dağətəyi, Gəncə-Qazax, məşhur Alazan vadisi, Qarabağ, Aran və Naxçıvan, həmçinin daha sərin Bakı-Abşeron bölgəsi və Xəzər dənizi sahillərində cəmləşib.

Jurnal qeyd edib ki, 1984-cü ildə Azərbaycanda üzüm bağlarının sahəsi 275 min hektardan çox idi, respublikada təxminən 180 şərabçılıq müəssisəsi fəaliyyət göstərirdi. Lakin ovaxtkı SSRİ rəhbəri Mixail Qorbaçovun siyasəti nəticəsində 1989-cu ilə qədər Azərbaycanda 130 min hektardan çox üzüm bağları məhv edilmişdi. Müstəqil Azərbaycanda bu sahənin bərpasına ölkə Prezidenti İlham Əliyevin 2018-ci ilin mayında şərabçılıq sənayesinin inkişafı üçün səkkizillik proqramı təsdiqləməsi təkan verib.

"Decanter" qeyd edib ki, ənənəvi olaraq Azərbaycanda istehsal olunan şərab əsasən Rusiyaya ixrac edilir.