Azərbaycanda kənd təsərrüfatı kreditləri və subsidiya mexanizmlərinin təkmilləşdirilməsi fermerlərin maliyyə resurslarına çıxış imkanlarını xeyli artırıb.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi"ndə bildirib.
"Kənd təsərrüfatının inkişafı həm ərzaq təhlükəsizliyinin təmin olunması, həm də ixrac potensialınızın artırılması baxımından prioritet istiqamətlərdən biridir. Güzəştli kreditlər vasitəsilə fermerlər müasir texnika və texnologiyalar əldə edərək məhsuldarlığı artırmaqla yanaşı, innovativ yanaşmaların tətbiqinə geniş imkanlar qazanır. Subsidiyalar isə kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılması, istehsal proseslərinin optimallaşdırılması və aqrar sığorta sisteminin gücləndirilməsi istiqamətində mühüm dəstək mexanizmi kimi çıxış edir. Bütün bu tədbirlər fermerlərin risklərini minimuma endirərək onların fəaliyyətlərinin dayanıqlı və səmərəli şəkildə davam etməsinə şərait yaradır. Yerli istehsalçılar eyni zamanda kənd təsərrüfatı texnikası və avadanlıqlarının istehsalı və ixracı sahəsində də əhəmiyyətli nailiyyətlər əldə edirlər. Bu isə regionlarda iqtisadi fəallığın artmasına və əlavə dəyərin formalaşmasına əhəmiyyətli töhfə verir", - deyə o qeyd edib.
Nazirin sözlərinə görə, Azərbaycanda son illər ərzində həyata keçirilən məqsədyönlü islahatlarda və iqtisadi inkişaf strategiyasında yerli istehsalın gücləndirilməsinə xüsusi önəm verilir: "Bu baxımdan, bu gün təşkil olunan sərgi yerli istehsalın təşviqi, istehsalçılarla istehlakçılar arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsi və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından olduqca əhəmiyyətli bir platformadır. Belə təşəbbüslər ölkəmizdə yerli brendlərin tanınmasında, iqtisadiyyatın şaxələndirilməsində, məşğulluğun artırılmasında və regionlarda sosial rifahın yüksəldilməsində mühüm rol oynayır".