Bu il Azərbaycanda kənd təsərrüfatı sahəsində baş vermiş hadisələrə görə sığorta ödənişləri iki dəfə artacaq.
"Report" xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Bakıda keçirilən II Beynəlxalq Aqrar İnnovasiya Forumunda deyib.
Onun sözlərinə görə, bu artım sığortanın fermerlərin davamlı və dayanıqlı fəaliyyət göstərməsi üçün nə qədər vacib olduğunu bir daha nümayiş etdirir:
"2025-ci ildə kənd təsərrüfatında baş vermiş hadisələrə görə ediləcək sığorta ödənişlərinin həcmi əvvəlki illərlə müqayisədə təxminən iki dəfə artıq olacaq. Bu da onu göstərir ki, aqrar sığorta fermerlərin risklərə qarşı müdafiəsində mühüm rol oynayır".
F. Sadıqov qeyd edib ki, sahədə hələ də bəzi problemlər qalmaqdadır: "İnsanlar bəzən sığortanın mahiyyətini tam anlamır və ya əvvəlki təcrübələrdə müəyyən çətinliklərlə qarşılaşıblar, bu da inamın azalmasına səbəb olub. Lakin biz bu inamı birgə əməkdaşlıqla bərpa edəcəyik. Bunun yeganə yolu isə vaxtında və şəffaf şəkildə ödənişlərin həyata keçirilməsidir".
O əlavə edib ki, son iki il ərzində Fond tərəfindən ödənilən zərər kompensasiyalarının məbləği 15 milyon manata çatıb: "Təkcə 2025-ci ilin ilk dörd ayında artıq 3 milyon manatdan çox ödəniş edilib. Hazırda xüsusilə Ağcabədi, Tərtər və Ağdam rayonlarında taxıl və pambıq sahələrində ciddi zərərlər qeydə alınıb. Bu zərərlərin dəqiq həcminin müəyyən edilməsi və qiymətləndirilməsi prosesi hazırda davam edir".